Azərbaycan Türkiyə ilə toxumçuluq sahəsində əməkdaşlıq edəcək

03.08.2018 Aqrar
Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Toxum Fondu ilə Türkiyənin Kənd Təsərrüfatı İşləri Baş İdarəsi (Tarım İşletmeleri Genel Müdürlüğü - TİGEM) arasında niyyət protokolu imzalanıb.

"Kommersant.az" xəbər verir ki, sənədə Bakıda təşkil edilmiş "Türkiyənin toxumçuluq təcrübəsi, toxum ticarəti və qanunvericiliyi" mövzusundakı praktiki seminarda imza atılıb.

Niyyət protokolunu Azərbaycan tərəfindən Dövlət Toxum Fondunun sədri Emin Əliyev, Türkiyə tərəfindən isə TİGEM -in baş direktoru İsmayıl Şanlı imzalayıb. E.Əliyevin sözlərinə görə, sənədin məqsədi aqrar sektorda səmərəliliyin və innovativliyin təmin edilməsidir: "Düşünürük ki, qarşımızda duran vəzifələri yerinə yetirəcəyik".

KTN rəsmisi onu da deyib ki, bu il Qax Damazlıq İpəkçilik Stansiyasının istifadəyə veriləcək.

"Həmçinin Xaçmazda toxum emal zavodu tikilir. Zavod üçün Türkiyədən avadanlıqlar alınıb. Şəkidə isə yaxın ay yarım ərzində toxumçuluq mərkəzinin açılışını edəcəyik", - deyə o, qeyd edib.

Bundan başqa, E.Əliyevin sözlərinə görə, Bakıda toxum birjası yaradıla bilər: "Bu sahədə Türkiyənin təcrübəsi bizim üçün faydalı olacaq".

Seminar digər iştirakçıların çıxışları ilə davam edib.

(c) Report