Qarabağ Azərbaycandır!

Soğanın qiyməti ilə bağlı - RƏSMİ AÇIQLAMA

26.09.2018 Aqrar
"Rublun dollara nisbətdə dəyərinin aşağı düşməsi soğan ixracı üçün kifayət qədər əlverişsiz mühit yaratdı".

Bunu "Kommersant.az"a açıqlamasında aqrar sahə üzrə ekspert Nicat Nəsirli bildirib. Onun sözlərinə görə, məhsulun satış həcmini Rusiya bazarlarındakı tendensiya müəyyənləşdirir:

"Son 2 ildə Azərbaycanda soğan istehsalı inkişaf dinamikası üzrə artım istiqamətində irəliləyir. Həmin müddət ərzində illik 200 min tondan çox soğan istehsal olunub. Bu isə tələbatı tamamilə ödəyir. Ötən ilki statistikaya əsasən, ölkəyə il ərzində cəmi 119 ton soğan gətirilib (sırf toxumçuluq məqsədi ilə). Azərbaycandan isə 56 min ton soğan (15 milyon dollar) ixrac olunub. Məhsul, əsasən Rusiya və ərəb ölkələri bazarında satılır. Ölkədə soğan istehsalı güclüdür".

Ekspert qeyd edib ki, satıcı məhsulun itkisini qiymətlə kompensasiya etməyə məcburdur:

"Soğan iqlim amillərinə qarşı ən dözümsüz tərəvəz növü sayılır. Onu açıq havada saxlamaq mümkün deyil. Hər gün açıq havada qaldıqca, təbii itki normasını aşır. Soğan hər gün çeşidlənir, müəyyən hissəsi atılır. Bu isə qiymətə birbaşa təsir göstərir. Soyuq aylarda qida məhsullarına tələbat artığından, qarşıdakı aylarda soğanın qiymətində artım müşahidə olunması mümkündür. Səyyar satışlarda soğan ən azı 50-60 qəpiyə satılır".

Kənd Təsərrüfatı Nazirliyi bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin sektor müdiri Səfəralı Nəsirov isə məsələ ilə bağlı redaksiyamıza açıqlamasında qeyd edib ki, ötən illərdə soğan satışı ilə bağlı nazirliyə müraciətlər daxil olsa da, bu il qiymətlər və satışla bağlı müraciət qeydə alınmayıb:

"Əsasən məhsulun becərilməsi ilə bağlı (toxum) müraciətlər daxil olur. Soğana olan tələbat daxili istehsal hesabına ödənilir. Tərəvəz ildə 2 dəfə - payız (sentyabr-oktyabrda əkilir, may-iyunda yığılır) və yaz fəsillərində (fevral-martda əkilir, iyul-avqustda yığılır) əkilir. 2016-cı ildə ölkə üzrə soğan əkinləri 11 min 950 hektarda, 2017-ci ildə 12 min 73 ha ərazidə, cari il isə 12 min 711 hektarda həyata keçirilib. İl yekunlaşmadığı üçün məhsuldarlıq haqqında dəqiq məlumat yoxdur".

Qurum rəsmisinin sözlərinə görə, yaxın müddətdə soğanın qiymətinin artacağı gözlənilmir:

"Əkin sahələri kifayət qədər genişdir, yüksək məhsuldarlıq gözlənilir. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hər həftənin şənbə və bazar günləri Bakı və Sumqayıtda yarmarkalar təşkil olunur. Məhsulun qiyməti yarmarkalarda 25-35 qəpik arasında dəyişir. Pərakəndə satış məntəqələrində isə soğan 40-50 qəpiyə təklif edilir".