USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

14 bankın qiymətli kağızlara investisiyaları artıb

30.05.2018 Bank
0 0
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 29-u bu il aprelin 1-nə olan vəziyyətə görə, qiymətli kağızlara investisiyalarının illik dinamikası barədə məlumat verib ki, bunlardan da 14-də müsbət dinamika müşahidə edilib.

Son 1 ildə fond bazarına investisiyaları ən çox artıran bank "Muğan Bank" (22,8 dəfə), ən az artıran bank isə "Atabank" (30,2%) olub.

4 bankda isə qiymətli kağızlara investisiyalar azalıb. Ən çox azalma "Bank of Baku"da (45,6%), ən az azalma isə Pakistan Milli Bankının Bakı filialında (15,9%) qeydə alınıb.

4 bank - "AFB Bank", "Amrah Bank", "Bank BTB" və "Unibank" qiymətli kağızlara investisiya qoymağa yenicə başlayıb. 7 bank - "AGBank", "Azərbaycan Sənaye Bankı", "Bank Silk Vey", "Bank VTB Azərbaycan", "Günay Bank", "Naxçıvan Bank" və "NBC Bank" isə son 1 ildə fond bazarına investisiya qoymayıb. Odur ki, bu bankların investisiyalarının dinamikasını hesablamaq mümkün olmayıb.

1 bank - "Azərbaycan Beynəlxalq Bankı" isə qiymətli kağızlara investisiyalarının dinamikasını açıqlamayıb.

4 BANKIN İNVESTİSİYALARI 100 MİLYON MANATDAN ÇOXDUR

Bu il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 7-nin aktivlərində qiymətli kağızlara investisiyalar olmayıb.

Bunlar "AGBank", "Azərbaycan Sənaye Bankı", "Bank Silk Vey", "Bank VTB Azərbaycan", "Günay Bank", "Naxçıvan Bank" və "NBC Bank"dır.

Digər 23 bank isə fond bazarına müxtəlif məbləğlərdə investisiyalar qoyub. Onlardan 4-də investisiyaların məbləği 100 milyon manardan çoxdur. Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (1 113,4 milyon manat), "PAŞA Bank" (306,29 milyon manat), "Kapital Bank" (304,615 milyon manat) və "Xalq Bank"dır (153,3 milyon manat).

Qiymətli kağızlara investisiyaların məbləği 14 bankda 10-100 milyon manat arasında, 5 bankda isə 10 milyon manatdan da azdır. Həmin banklar "Amrah Bank" (560 min manat), "Express Bank" (2,757 milyon manat), Pakistan Milli Bankının Bakı filialı (5,516 milyon manat), "Bank BTB" (6,592 milyon manat) və "Unibank"dır (8,235 milyon manat).