Bu qurumların da Mərkəzi Banka birləşdirilməsi təklif olundu

29.11.2019 Bank
"Əslində Maliyyə Bazarına Nəzarət Palatasının ləğv olunaraq Mərkəzi Banka birləşdirilməsi gözlənilən idi”.

Bunu sfera.az-a açıqlamasında Maliyyə Bazarına Nəzarət Palatasının ləğvi və səlahiyyətlərinin Mərkəzi Banka verilməsi məsələsinə toxunarkən İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov deyib:

"Qonşu Gürcüstanın təcrübəsi də göstərir ki, Maliyyə Bazarına Nəzarət Palatası Mərkəzi Bankdan ayrıldıqdan sonra, yenidən Mərkəzi Banka birləşdirilir. Kommersiya bankları bir tərəfdən vəsaiti Mərkəzi Bankdan alır, amma onların fəaliyyətinə praktik olaraq nəzarət edən qurum Maliyyə Palatası idi. O, baxımdan da bu qurumların birləşdirilməsi və struktur islahatların aparılmasına ehtiyac vardı”.

Ekspert düşünür ki, atılan addım idarəetmənin səmərəliliyi baxımından daha məqsədəuyğundur: "Nəticə etibarı ilə bir qurumun yaradılması həm daha çevik idarəetməyə imkan verəcək, həm də praktik olaraq bankların sağlamlaşdırılması və likvidliyinin artırılması prosesini davam etdirmək mümkün olacaq”.

V. Bayramov bank sektorunda islahatların davamlı olmasını vacib sayır: "Bank sahəsində daha bir neçə struktur islahatları olmalıdır. Əmanətlərin Sığortalanması Fondu da Mərkəzi Banka birləşdirilməli və onun tabeçiliyində olmalıdır. İpoteka Krediti üzrə Zəmanət Fondunun da Mərkəzi Banka birləşdirilməsi məqsədəuyğundur. Düşünürəm ki, bu istiqamətdə struktur islahatları davam edəcək. Bu mənada son dəyişiklik də göstərir ki, Azərbaycan əslində genişmiqyaslı kadr və struktur islahatlarına start verib”.