Azərbaycan Mərkəzi Bankının (qısaca – AMB) şikayət indeksində ən aşağı sırada qərarlaşan “Kapital Bank” haqqında şikayətlər durmadan artır. Bu zaman sual yaranır ki, bu qədər şikayətin qarşısında AMB sözügedən bankın indeksini necə 0.83 həddində göstərə bilir? Daha bir sual isə burada yaranır ki, “Paşa Holdinq”dən AMB-yə təyin olunan Taleh Kazımov holdinqə məxsus bankın şikayətlərini gözardı edir? Bu sualların cavabını ancaq sözügedən tənzimləyici qurum verə bilər. Biz mətbuat olaraq ancaq ictimaiyyətin suallarını dövlət qurumlarına yönləndirməklə mükəlləfik.
Kommersant.az xəbər verir ki, redaksiyamıza daxil olan şikayətlərdən biri də vətəndaş Məmməd Abdullayevdən gəlib. Belə ki, vətəndaşın sözlərinə görə, hazırda müştərisi olmadığı halda “Kapital Bank” onun şəxsi məlumatlarını “mygov.az” portalından əldə etmək istəyib. Bu şəxsi məlumatlara vətəndaşın maaşı, iş yeri haqqında məlumat və s. daxildir. M.Abdullayev bildirir ki, onun mygov.az portalından bildiriş gəlib ki, “Kapital Bank” ASC məlumat yoxlanılması üçün razılıq istəyir”. Hansı ki, vətəndaşın banka heç bir sorğusu, kredit istəyi və ya müraciəti olmayıb. Buna görə də banka aşağıdakı sorğunu göndərdik. Banka təqdim etdiyimiz sorğunu dəyişmədən siz oxuculara təqdim edirik:
1. FİN-ə görə şəxsin iş yeri haqqında məlumatları niyə toplayırsınız?
2. Vətəndaş razılıq vermədiyi halda iş yeri haqqında məlumatı haradan əldə edib vətəndaşa kredit üçün zəng edirsiniz?
3. Vətəndaşların əlaqə telefonu, FİN kodu və s. məlumatlarını haradan əldə etmisiniz?
4. Əgər əvvəllər müştəriniz olubsa, müraciəti və razılığı olmadığı halda onun FİN kodundan istifadə edərək niyə ƏƏSMN sorğu göndərirsiniz?
Bankın mətbuat katibi Arzu Əliyeva saytımıza sözlü açıqlamasında operativ olduqlarını bildirsə də, “Kapital Bank” sorğumuza 8 gündən sonra cavab verə bilib. Bankın cavabını dəyişdirmədən sizlərə təqdim edirik:
"Müştəri məlumatlarının sorğulanmasına səbəb müştərilərə onların maliyyə vəziyyətinə uyğun, sərfəli və fərdiləşdirilmiş, yəni ehtiyacına uyğun məhsullar təqdim etməkdir. Bu məlumatlar əsasında dizayn olunan məhsul və xidmətlər müştərilərin banka gəlmədən, vaxt itirmədən, rahat xidmət almasına imkan yaradır.
Vətəndaşlar məlumatlarının toplanmasına qanunvericilik əsasında, öz razılığı ilə bank məhsullarından istifadə edərkən (təsdiq etdiyi razılıq vasitəsilə) icazə verir. Yəni, vətəndaş bank məhsulundan istifadə edilərkən FİN kod, əlaqə nömrəsi, iş yeri, gəlir və.s kimi məlumatları qanun çərçivəsində, rəsmi və könüllü şəkildə şəxsən təqdim edir. Bundan əlavə bank, qanunvericiliyin tələblərinə uyğun olaraq müştərinin maliyyə risklərinin qiymətləndirilməsi üçün lazım olan əmək haqqı, təcrübə, kredit tarixçəsi və.s kimi məlumatları müvafiq rəsmi qurumlardan əldə edə bilər. Eyni zamanda bankımız heç vaxt müştərimiz olmadığı vətəndaşın məlumatlarını sorğulamır.
Bankımız müştəri məlumatlarını yalnız "Fərdi məlumatlar haqqında" və "Banklar haqqında" qanunlar çərçivəsində toplayır və emal edir. Məlumatlar yalnız qeyd edilən məqsəd üçün istifadə olunur, digər tərəflərə qanunsuz ötürülmür və xüsusi təhlükəsizlik tədbirləri ilə qorunur. Eyni zamanda qanunvericiliyə əsasən hər kəs şəxsi məlumatlarının emalına razılıq verməmək hüququna malikdir. Bunun üçün müştəri banka müraciət edə, həmçinin "My.gov.az" platformasından şəxsi məlumatlarının sorğulanmasını məhdudlaşdıra bilər".
Açığı demək lazımdırsa, bu cavab tərəfimizi qane etmədi. Çünki, tərəfimizdən ünvanlanan suallara konkret yox, ümumi cavab verilib. Bundan başqa bəzi suallar yaranıb ki, Arzu Əliyeva bu suallara cavab verməkdən yayınıb. Məsələn, “Kapital Bank” müştərinin təsdiq etdiyi razılıqda məlumatların toplanmasına icazələrinin olduğunu bildirib. Amma sual yaranır ki, bu razılıq ərizəsində müddət qeyd olunmayıb? Vətəndaş “Kapital Bank”ın məhsulundan bir dəfə istifadə edərkən razılıq verirsə, ömrü boyu bank onun məlumatlarını əldə etməyə hüquq qazanır? Bu kimi açıq qalan suallara A.Əliyevadan cavab ala bilmədiyimizə görə hüquqşünas Əkrəm Həsənova üz tutduq.
Ə.Həsənov sualımıza cavab olaraq bildirib ki, əgər “Kapital Bank” müqaviləsində (şərtlərdə) vətəndaşa yoxlama haqqında müddətsiz və ya müddət göstərmədən imzalatdırıbsa, o zaman müqavilə etibarsız hesab olunur:
"Çünki, Mülki Məcəllədə müqavilənin standartları var. Əgər müqavilədə qeyri-adi şərtlər və ya vətəndaşın mənafeyinə uyğun olmayan şərtlər varsa, bu müqavilə etibarsızdır. Qeyri-adi şərtlər isə vətəndaşın gözləmədiyi şərtlər hesab edilir. Bank müqavilələrini biz icad etməmişik. Qanun ondan çıxış edir ki, dünyanın heç yerində vətəndaşlar müqaviləni oxumur. Vətəndaş standart hesab etdiyi müqaviləni oxumursa, bu o demək deyil ki, bank bundan sui-istifadə etməlidir. Əgər bu kimi hal varsa, vətəndaş bankı məhkəməyə verib mənəvi zərər və əgər maddi zərəri də varsa, o zaman onu da məhkəmə vasitəsilə tələb edə bilər".
Qeyd edək ki, bu, “Kapital Bank” haqqında şikayətlərin sadəcə biri idi. Bundan sonrakı Mərkəzi Bankda olan və olmayan şikayətləri operativ şəkildə saytımızdan oxuya bilərsiniz.