“İstənilən ölkədə problemli kreditlərin artmasına təsir edən iki əsas amil var”.
Kommersant.az xəbər verir ki, bu sözləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Azərbaycanda problemli kreditlərin həcminin artmasının səbəblərindən danışarkən deyib.
İqtisadçı bildirir ki, bu amillərdən biri əhalinin gəlirləridir:
“Əhalinin gəlirləri getdikcə azalırsa. problemli kreditlərin də həcmi ona uyğun olaraq kredit portfelində xüsusi artır. Yəni Azərbaycan timsalında bu məsələyə baxsaq, görərik ki, son üç ildə əhalinin nominal gəlirləri artsa da, real gəlirləri artmayıb. Qiymətlərin bahalaşmasına uyğun olaraq əhalinin gəlirləri səmərəli şəkildə indeksasiya edilməyib. Məsələn, istehlak mallarının qiyməti qalxır 30,40 faiz, pensiyanı indeksləşdiririk 12, 13,15 faiz. Bu o deməkdir ki, artıq pensiyaçı real gəlirini 15 faiz itirir. Qiymətlərin artım tempi əmək haqqının artım tempini xeyli üstələyir. Təhlil etsək görərik ki, Azərbaycan əhalisinin real gəlirləri ilbəil azalır, yəni onun xərcləri gəlirlərini üstələyir”.
Akif Nəsirlərin sözlərinə görə, digər məsələ, kreditin faiz dərəcələridir:
“Kreditin faiz dərəcələri yüksək olan ölkələrdə problemli kreditlərin xüsusi çəkisi həmişə yuxarı olur.
Azərbaycanda da kreditin faiz dərəcələri kifayət qədər yüksəkdir. Müqayisə etsək görərik ki, inkişaf etmiş ölkələrdə faiz dərəcələri 5,6,7 faiz arasıdır, amma Azərbaycanda isə 17 faizdir. Bu iki amil problemli kreditlərin yaranmasında həlledici rola malikdir”.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının verdiyi açıqlamaya görə, bu il iyulun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 502,3 milyon manat təşkil edib.
Bu, iyunun 1-i ilə müqayisədə 2,5 % çoxdur. Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 15,4 %, son 1 ildə isə 24 % azalıb.
Bu il iyunun sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 2,3 % təşkil edib. Bu nisbət mayın sonuna 2,3%, ötən ilin sonuna 2,9 %, ötən il iyunun sonuna isə 3,5 % olub.