USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Asan İmza" niyə bahalaşdı - SƏBƏBLƏR

31.07.2018 Bank
0 0
Xəbər verdiyimiz kimi Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması "ASAN İmza" xidmətinin abunə haqqının artırılması ilə bağlı bəyanat verib.

Platformadan "Kommersant.az"a verilən məlumata görə, "ASAN İmza"nın operatoru "Best Solutions" MMC və üç mobil operator bu xidmət üzrə aylıq abunə haqqının 2,5 dəfə artırıldığını açıqlayıb.

Avqustun 15-dən etibarən "Asan İmza" xidmətindən istifadəyə görə əhali, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər, hüquqi şəxslərin nümayəndələri və dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları əməkdaşları olan abunəçilər üçün hər faktura dövrünə görə abunə haqqı ƏDV daxil 2.50 manat məbləğində təyin edilib. Hazırda aylıq abunə haqqı 1 AZN təşkil edir: "Aylıq abunə haqqının artırılmasını mobil operatorlar "Asan İmza" xidmətinin birbaşa təminatçısı "Best Solutions" MMC-nin təklifi ilə baş verdiyini açıqlayıb. "Best Solutions" MMC isə bu təklifini xidmətin maya dəyərini təşkil edən zəruri xərclərin əhəmiyyətli artmasıyla əlaqələndirir.

""Best Solutions" "Asan İmza" xidmətinin birbaşa təminatçısıdır, cari xidməti həyata keçirən inhisarçı mövqeyə malikdir".

Bunu redaksiyamıza açıqlamasında Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının Katibliyindən Zaur İbrahimli deyib. Onun sözlərinə görə, təklif şirkət tərəfindən gəlib, mobil operatorlar da onu qəbul ediblər:

"Dövlət orqanları isə açıqlama verdilər ki, prosesdə iştirak etməyiblər. Onların reaksiyası haqqında bizdə müfəssəl məlumat yoxdur (etirazla qarşılayıblar, yoxsa yox)".

İCTİMAİ MARAQ ƏSAS GÖTÜRÜLMƏLİDİR

İctimai xidmətin birdən-birə, sürpriz şəkildə bahalaşdırılması tərəfimizdən qəbul edilə bilməz. Biz faktiki olaraq buna etiraz edirik. Həmin şirkəti, eyni zamanda əlaqədar qurumları daha məsuliyyətli olmağa, ictimai marağı əsas götürməyə çağırırıq. Bizim bəyanatın əsas qayələrindən biri ondan ibarətdir ki, məhz müvafiq dövlət qurumları, eyni zamanda "Best Solutions", qərarla bağlı detallı açıqlama versin. Çünki burada minlərlə fiziki və hüquqi şəxsin marağından söhbət gedir. Araşdırma nəticəsində belə bir qənaət hasil olub ki, hazırlanmış platformada mobil "Asan İmza"nın maya dəyəri bu qədər arta bilməz.

HÖKUMƏT SƏVİYYƏSİNDƏ TƏNZİMLƏNMƏ

Dövlət layihəyə böyük miqdarda vəsait ayırıb. Hökumətin bununla bağlı təlimatları, qərarları, yaxud da hansısa prosedurları olmalıdır. Yəni, biznes maraqları ilə ictimai maraqların "qızıl ortası"nı tapmaq lazımdır. Həmin "qızıl orta" isə hökumətin təşəbbüsü, vətəndaş cəmiyyəti, eyni zamanda əlaqəli özəl şirkətlərin müzakirə və məsləhətləşmələri vasitəsilə tapıla bilər.

QİYMƏT ARTIMININ "FAKTURA DÖVRÜ"NƏ AİDİYYATI YOXDUR

Qiymət artımı "Asan İmza"da hər əməliyyat üçün 3 qəpik tarifinə aid deyil.

ABUNƏ HAQQININ ARTIRILMASININ KİÇİK SAHİBKARLARA TƏSİRİ

Son vaxtlar istər biznes xidmətləri, istərsə də dövlət orqanlarının göstərdiyi xidmətlər olsun, bu cür kəskin qiymət artımını xatırlamıram. Faiz nisbətilə, eyni zamanda mütləq qaydada müqayisə etdikdə kifayət qədər bahalaşma müşahidə edirik (12*2,5=30.0).