Nazir: “Bulanıq suda balıq tutmaq zamanı bitib”

18.02.2019 Biznes
2018-ci ildə “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması vergi xidməti üçün başlıca istiqamət olub. Uçot sisteminin bərpası üçün sahibkarlara vaxt verilib, geniş maarifləndirmə işi aparılıb. Bəzi sektorlarda, xüsusilə aksizli malların istehsalı, tibbi xidmətlər sektoru, şəbəkə ticarəti kimi sahələrdə nəzarət tədbirləri artırılıb.

Forumdakı çıxışında bu sahədə görülən işlərdən danışan vergilər naziri Mikayıl Cabbarov mühüm mesajlar verib: “Uçot sisteminin bərpa edilməsi ilə bağlı tələblərimiz müəyyən müqavimətlə, bəzi hallarda narazılıqlarla qarşılandı. Kimsə bunu kampaniya xarakterli saydı, kimsə gözləməyə üstünlük verdi. Lakin nəticə etibarilə qəbul edildi. Çünki hər kəs başa düşdü ki, gec ya tez, qanunlar çərçivəsində işləməli olacaq. Artıq bulanıq suda balıq tutmaq zamanı bitib. Əminəm ki, hər kəsə aydındır – biznes münasibətlərinin şəffaflaşdırılması məsələsində geriyə yol yoxdur”.

Nazir dövlətin və ya leqal biznesin hesabına qanunsuz gəlir əldə etmək istəyənlərin cəzasız qalmayacağını vurğulayıb. Onun sözlərinə görə, vergi orqanlarının ötən il ərzində iri topdansatış müəssisələri üzrə apardığı vergi nəzarəti tədbirləri zamanı 930 milyon manat, şəbəkə marketləri üzrə 122 milyon manat, özəl tibb xidmətləri sahəsində 230 milyon manatdan çox dövriyyələrin gizlədildiyi müəyyən edilib: “Bu, on milyonlarla manat vergilərin və sosial ödəmələrin büdcədən yayındırılması deməkdir. Təsəvvür edin ki, bunlar yalnız vergi orqanlarının nəzarət tədbirlərinə cəlb edilmiş bəzi sektorlardakı vergi ödəyiciləri üzrədir. Bizim funksiyamız bütün bu dövriyyələrin aşkar edilərək vergitutmaya cəlb edilməsidir. Buna görə də 2018-ci ildə vergi xidməti bir sıra iqtisadi fəaliyyət sahələrində fiskalizasiya tədbirlərini və yeni nəzarət mexanizmlərini təmin etdi və bunun ilkin nəticələri də artıq vardır”.

VTB