USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Böyük ticarət mərkəzlərinin arxasında məmurlar dayandığı üçün…”

27.03.2019 İqtisadiyyat
0 0
Natiq Cəfərli: “Ziyan çəkən kiçik sahibkar olur, obyektin sahibi isə məsuliyyətdən kənarda qalır”

"Diqlas" Ticarət Mərkəzində baş verən yanğın bu sahədə çoxsaylı problemlərin olduğunu ortaya çılxardı. Mərkəzdə fəaliyyət göstərən sahibkarların açıqlamalarından məlum olur ki, onlar sadəcə icarə haqqı verməklə kifayətləniblər, vergi, sığorta və s. məsələlərə qarışmayıblar. Yanğının yaratdığı problemlər, dəymiş ziyan isə hələlik onların üzərindədir.

İqtisadçı ekspert, "Real" partiyasının icraçı katibi Natiq Cəfərli Bizimyol.info saytına açıqlamasında deyib ki, qanunvericiliyə görə, bütün vergilərlə yanaşı icarə haqqından da 14 faizlik icarə vergisi verilməlidir:
"Bu, tərəflərin müqavilədə razılaşmalarına əsasən, ya icarəyə verən, ya da icarəyə götürən tərəfindən ödənilir. Azərbaycanda böyük ticarət mərkəzlərinin arxasında çox zaman məmurlar dayandığı üçün bu qanunlar işləmir. Əksər hallarda, ticarət mərkəzlərinin sahibləri sadəcə icarəpulunu alır və deyirlər ki, bütün problemləri özümüz həll edəcəyik. Sonra da müxtəlif üsullarla dövlət orqanları ilə dil tapırlar. Məmur biznesi olduğu üçün bu, daha asan olur. Beləliklə, qanunvericilik ciddi şəkildə pozulur".

Natiq Cəfərli deyir ki, müqavilə bağlanarkən icarə verən tərəfindən elə şərtlər yazılır ki, bütün fors-major situasiyalarda məsuliyyət icarəyə götürənin üzərinə düşür.

"Bu da yanğın, su basması, oğurluq və s. hallarda zərərlə bağlı yük icarəyə götürən sadə iş adamının – kiçik və orta sahibkarın üzərində qalır. Obyektin sahibi olan iri sahibkar isə çox zaman məsuliyyətdən kənarda qalır. Dəfələrlə belə hallar baş verib və ciddi narahatlıq yaradan vəziyyətdir. Dünənki yanğın da sübut etdi ki, bu sahədə ciddi problemlər mövcuddur".

Son yanğınla bağlı ortaya çıxan daha bir məqam odur ki, böyük ticarət mərkəzi olmasına baxmayaraq, mağazalar sığorta olunmayıb. Bu səbəbdən də sahibkarlara heç bir sığorta ödənməyəcək. Bəs sığortanı kim etdirməli idi – icarəyə götürən, yoxsa icarəyə verən?

Natiq Cəfərli deyir ki, bu, tərəflərin razılaşmasına uyğun ola bilər: "Amma məntiqlə, xırda sahibkarların özləri sığortalanmağa maraqlı olmalıdırlar. Burada isə digər problemlər ortaya çıxır. Sığorta şirkətləri malın dəyərini, dövriyyəni qiymətləndirməlidir. Bunun üçün isə əllərində dövriyyəyə uyğun sənədləşmə olmalıdır. Azərbaycanda olan təcrübə isə onu göstərir ki, bu cür obyektlərin demək olar ki heç birindfə rəsmi sənədləşmə yoxdur. Yəni qaimə olmadan alqı-satqı aparılır, bir çoxlarının ümumiyyətlə VÖEN-i, kassa aparatı yoxdur. Sığorta şirkəti dövriyyəyə əsasən sığorta məbləği və ödənişini müəyyənləşdirməli olduğu halda, sənədsiz bunu edə bilmir. Bu isə belə hallar yarandığı zaman yenə də kiçik sahibkarların ziyana düşməsi ilə nəticələnir" – deyə ekspert bildirir.

  • Əvvəlki

    Mikayıl Cabbarov: "Azərbaycana sərmayə qoymaq çox asandır"

Digər xəbərlər