Şahin Mustafayev İsveçrə şirkətlərini Azərbaycana investisiya qoymağa çağırdı

29.06.2019 Biznes
İsveçrəyə səfəri çərçivəsində İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti İsveçrə Konfederasiyasının federal müşaviri, İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri Qi Parmelinlə görüşüb.

Bu barədə “Kommersant.az”a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Ş.Mustafayev Azərbaycanın İsveçrə ilə ikitərəfli əlaqələrə xüsusi əhəmiyyət verdiyini və bu əlaqələrin bütün sahələrdə genişlənməsində maraqlı olduğu diqqətə çatdırıb.

Nazir qeyd edib ki, hər iki ölkə arasında iqtisadi-ticarət əlaqələrində müsbət dinamika müşahidə edilir. Azərbaycan İşveçrənin Cənubi Qafqaz ölkələri ilə xarici ticarətində əsas yeri tutur. 2018-ci ildə ticarət dövriyyəsi 2,7 dəfə, 2019-cu ilin 5 ayında 8,8 dəfə artıb. Bununla belə, iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün böyük potensial vardır. Enerji, təhsil, investisiyalar və s. sahələrdə də uğurlu əməkdaşlıq həyata keçirilir. İsveçrə tərəfindən Azərbaycan iqtisadiyyatına yatırılmış 844 mln dollar sərmayənin 780 mln dollara yaxın hissəsi qeyri-neft sektoruna yönəldilib.

İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) və Əməkdaşlıq və İnkişaf Agentliyi (SDC) ilə əlaqələrin yüksək qiymətləndirildiyini vurğulayan Ş.Mustafayev bu qurumlarla əməkdaşlıq çərçivəsində 60-dan çox layihə həyata keçirildiyini qeyd edib. Əməkdaşlığın genişləndirilməsi istiqamətlərindən danışan Şahin Mustafayev Azərbaycanda səhiyyə, əczaçılıq, qida, kimya sənayesi sahəsində birgə müəssisələrin yaradılması, kiçik və orta biznesin inkişafı sahəsində əməkdaşlıq imkanlarını diqqətə çatdırıb. Bundan başqa, İsveçrə şirkətləri Azərbaycandakı aqroparklara cəlb edilə, mütərəqqi texnologiyalar, aqrar tədqiqatlar sahəsində təcrübə mübadiləsi aparıla bilər, sənaye parklarında, turizm sahəsində və s. əməkdaşlıq genişləndirilə bilər.

Nazir Azərbaycanın nəqliyyat-tranzit imkanları barədə də məlumat verilib. Qeyd edilib ki, Azərbaycan ərazisindən keçən Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, müasir standartlara cavab verən avtomobil yolları bu sahədə əməkldaşlıq imkanlarını daha da genişləndirir.

İsveçrə Konfederasiyasının federal müşaviri, İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri Qi Parmelin iqtisadi-ticarət münasibətlərinin inkişafı istiqamətləri barədə fikirlərini bildirib.

Tərəflər iqtisadi-ticarət əməkdaşlığının müxtəlif sahələr üzrə inkişafı, eləcə də qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Görüşdə Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova iştirak edib.

VTB