USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İlham Əliyev: "Paşa Holdinq şirkəti və digər özəl şirkətlər ehtiyacı olan insanların yanındadır"

29.05.2020 İqtisadiyyat
0 0
Xəbər verildiyi kimi dünən prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı ətrafında qaçqın və məcburi köçkünlər üçün tikilmiş “Qobu Park-3” yaşayış kompleksinin açılışını edib.

Açılış mərasimində İlham Əliyev qaçqın və məcburi köçkünlər qarşısında çıxış edib. Prezidentin çıxışından sitat:

-Bu gün biz Respublika Gününü qeyd edirik. Sizi və bütün Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edirəm. Bu bayram günündə məcburi köçkünlər üçün salınmış "Qobu 3" yaşayış kompleksinin açılışını qeyd edirik. Burada bütün şərait yaradılıb. İndi mən şəraitlə tanış oldum, ən yüksək səviyyədə işlər görülüb. "Qobu Park-3" bu qəsəbədə salınmış üçüncü böyük yaşayış kompleksidir. "Qobu Park-3" kompleksində 1336 məcburi köçkün ailəsi yerləşəcək. 960 şagirdlik məktəb, - özü də çox gözəl məktəbdir, - fəaliyyət göstərəcək və böyük uşaq bağçası artıq tikilib, istifadəyə hazırdır. Bütövlükdə Qobu qəsəbəsində 3 layihədə toplam 3700-ə yaxın məcburi köçkün ailəsi yerləşdiriləcəkdir.

"Qobu-1" və "Qobu-2" layihəsi artıq 2018-ci və 2019-cu illərdə istifadəyə verilib. Bildirməliyəm ki, bu şəhərciklərin tikintisinin təşəbbüskarı Mehriban xanım olub və 2017-ci ildə onun iştirakı ilə burada təməl daşı qoyulub. O vaxt bura boş ərazi idi, heç nə yox idi və demək olar ki, 3 il ərzində ardıcıllıqla burada gözəl bir şəhər yaradılıb. Çünki bu 3 şəhərcikdə toplam 20 minə yaxın insan yaşayacaq və bu, bir daha onu göstərir ki, əgər iradə varsa, əgər siyasət düzgün aparılırsa və əgər insanların ürəyində ən ülvi hisslər reallıqda öz əksini taparsa, istənilən təşəbbüs, istənilən gözəl ideya həyata keçər. Beləliklə, boş bir ərazidə böyük infrastruktur layihələri icra edildi. Çünki bütün bu binaların kommunikasiyaları, təchizatı ən yüksək səviyyədə təşkil edildi – su, qaz, elektrik enerjisi, daxili yollar, nəqliyyat məsələləri öz həllini tapdı. Burada, eyni zamanda, tibb məntəqəsi, ticarət yerləri, iş yerləri yaradılıb, - bu da nəzərə alınıb, - çünki burada yaşayacaq vətəndaşlar artıq burada işlə də təmin ediləcək. Xüsusilə qadınlar üçün burada xalçaçılıq emalatxanası fəaliyyət göstərəcək və digər istehsalyönümlü kiçik müəssisələr artıq fəaliyyətə hazırdır. Nəzərə alsaq ki, burada yaşayacaq insanlar uzun illər çox ağır vəziyyətdə yaşayıblar, - bugünkü təqdimatda onların indiki yaşayış yeri göstərilir, - əlbəttə ki, bu, ailələrə böyük sevinc bəxş edəcək.

Bu qəsəbənin xüsusiyyəti ondan ibarətdir ki, burada bütün işlər özəl sektor tərəfindən görülmüşdür. Bu da çox sevindirici haldır. Şadam ki, mənim bir neçə il bundan əvvəlki çağırışımdan sonra özəl sektor artıq bu önəmli sosial layihələrə də qoşuldu. O vaxt mən özəl sektoru bu işlərə dəvət etmişdim və şadam ki, mənim çağırışım cavabsız qalmayıb. Bütün tikinti işləri, bütün investisiyalar özəl sektor tərəfindən təmin edilibdir. Burada xüsusilə Paşa Holdinq şirkətinin fəaliyyətini qeyd etmək istəyirəm. Bu şirkət çoxşaxəli fəaliyyətlə məşğuldur. Bu şirkətin bütün dövrlərdə sosialyönümlü layihələri təqdirəlayiqdir. Onu da bildirməliyəm ki, heç bir reklam etmədən, necə deyərlər, özünü tərifləmədən bu işləri ardıcıl şəkildə görür. Bu gün koronavirus şəraitində Paşa Holdinq şirkəti və digər özəl şirkətlər ehtiyacı olan insanların yanındadırlar. Bu böyük tikinti layihəsi bir daha onu göstərir ki, biznesin sosial məsuliyyəti artır. Şadam ki, bu təşəbbüsə digər özəl şirkətlər qoşuldu və bu yaxınlıqda digər şirkətlər tərəfindən iki bina tikilir. Ümid edirəm ki, bizim başqa şirkətlərimiz də bu işə qoşulacaqlar. Çünki Azərbaycanda bir çox böyük şirkətlər, holdinqlər var. Onlar Azərbaycanda pul qazanırlar, ölkəmizdə hökm sürən sabitlikdən, biznesə göstərilən dəstəkdən faydalanırlar. Əlbəttə ki, onların sosial məsuliyyəti də lazımi səviyyədə olmalıdır. Ona görə bu yaşayış komplekslərinin tikintisi rəmzi xarakter daşıyır. Birinci növbədə dövlət öz iradəsini ortaya qoyur. Bildiyiniz kimi, məcburi köçkünlərin problemlərinin həlli Prezident kimi mənim ən başlıca vəzifələrimdən biridir. Digər tərəfdən, özəl sektor artıq sosial məsuliyyət göstərərək belə gözəl imkanlar yaradır. Nəzərə alsaq ki, ümumiyyətlə Azərbaycanda 300 mindən çox məcburi köçkün bu günə qədər mənzillərlə, fərdi evlərlə təmin olunub və onlardan təqribən 20 mini bir şirkət tərəfindən görülmüş işlər nəticəsində evlərlə təmin edilir.

Məcburi köçkünlərin problemləri ardıcıl şəkildə öz həllini tapır. Bildiyiniz kimi, hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində mənim proqramımın tərkib hissəsi məhz bu məsələ idi. Söz vermişdim ki, beş il ərzində Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi qalmayacaq və nəinki 5 il, 4 il ərzində biz buna nail olduq. Çox böyük uğur idi. Çünki ölkəmizin demək olar ki, bütün yerlərində çadır şəhərcikləri var idi, köçkünlər çox yararsız vəziyyətdə yaşayırdılar, eyni zamanda, uzun illər vaqonlarda, vaqonların altında, çadırlarda yaşayırdılar. Çadır şəhərciklərinin ləğv olunması hesab edirəm ki, bizim çox böyük uğurumuzdur və indiyədək 100-dən çox qəsəbə-şəhərcik salınıb. Son bir neçə il ərzində dünyada iqtisadi və maliyyə böhranı hökm sürür. Son 4-5 il ərzində neftin qiymətinin bir neçə dəfə kəskin düşməsinin şahidi olmuşuq. Buna baxmayaraq, məcburi köçkünlərlə bağlı olan heç bir layihədə heç bir yubanma yoxdur, heç bir proqramın ixtisarı nəzərdə tutulmur. Keçən il məcburi köçkünlər üçün rekord sayda evlər-mənzillər tikildi – 5 minə yaxın. Bu il qarşıya hədəf qoyulub ki, 7 min, bəlkə də 8 min məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin edilsin. Əgər biz buna nail olsaq, bir il ərzində həm Bakı şəhərində, Sumqayıt şəhərində və digər şəhərlərdə təqribən 40 minə yaxın insan yeni evlərə köçürüləcək. Bu işlər ardıcıllıqla aparılır. Biz gələn ilin İnvestisiya Proqramında da bu məqsədlər üçün vəsait ayıracağıq.

Eyni zamanda, məcburi köçkünlərin sosial təminatı yaxşılaşır. Keçən il köçkünlərə verilən müavinətin həcmi 50 faiz artmışdır. Hər bir məcburi köçkün uzun illər ərzində dövlət tərəfindən aylıq müavinətlə təmin edilir. Əlbəttə, indi dünyada bir neçə ölkədə məcburi köçkünlər vardır və bu ölkələrin sayı artır. Çünki müharibələr, toqquşmalar geniş vüsət alır, yeni köçkün şəhərcikləri salınır. Ancaq hesab edirəm ki, Azərbaycanda bu sahəyə göstərilən diqqət nümunəvi xarakter daşıyır, beynəlxalq təşkilatlar da bunu dəfələrlə təsdiqləyiblər. Çünki biz köçkünləri belə gözəl evlərlə təmin edirik. Evlərin həm quruluşu, həm daxili dizaynı, təchizatı göz oxşayır. Azərbaycan bu sahədə də qabaqcıl yerlərdədir və hesab edirəm ki, bu, bizim borcumuzdur, bunu biz edirik və edəcəyik.

Ancaq onu da bilməliyik və bütün Azərbaycan xalqı bilməlidir ki, bu, sizin üçün müvəqqəti yaşayış yeridir. Torpaqlarımız işğaldan azad ediləndən sonra biz bu gün hələ də işğal altında olan torpaqlarda buna oxşar gözəl binalar, şəhərciklər tikəcəyik, ermənilər tərəfindən dağılmış şəhərlərimizi yenidən quracağıq. Ermənilər tərəfindən dağıdılmış və məhv edilmiş milli irsimiz sənədləşdirilib. Biz öz tarixi keçmişimizi yaxşı bilirik və yaxşı bilirik ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. İşğal olunmuş torpaqlar azad ediləndən sonra bütün binalar yenidən qurulacaq, o cümlədən dağılmış tarixi abidələrin mövcudluğunu əks etdirən əməli memarlıq tədbirlərinin görülməsi də nəzərdə tutulur.

Mən tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, bunu deməyə əsas verən bir çox amillər var - bizim hərbi gücümüz və biz bunu göstərmişik. 2016-cı və 2018-ci illərdə uğurlu hərbi əməliyyatlar nəticəsində minlərlə hektar torpaq işğalçılardan azad edildi. Cocuq Mərcanlı kəndinin timsalında biz görürük ki, işğaldan azad olunacaq digər torpaqlarda hansı işlər görüləcək və hansı sürətlə görüləcəkdir. Biz Cocuq Mərcanlını uğurlu hərbi qələbədən sonra cəmi bir il ərzində yenidən qurduq və indi orada həyat qaynayır, köçkünlər öz doğma torpağına qayıdıblar. Bəzən belə fikirlər səsləndirilir ki, bəzi köçkünlər torpaqlar işğaldan azad olunandan sonra qayıtmaya bilərlər. Amma mən tam əminəm ki, bütün köçkünlər öz doğma torpaqlarına qayıdacaqlar, necə ki, Cəbrayıl köçkünləri. Onlar uzun illər başqa yerlərdə yaşayıblar, o cümlədən Bakı şəhərində. Ancaq imkan olan kimi onlar hətta növbəyə durmuşdular ki, tezliklə öz doğma torpağına qayıtsınlar. Eyni zamanda, işğaldan azad olunan Şıxarx qəsəbəsi. İndi orada da böyük şəhərcik salınıb. O, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində yerləşən Azərbaycanın tarixi məkanıdır, işğaldan azad olunan ərazidə böyük şəhərcik salınıb. Biz bu gün işğal altında olan bütün digər torpaqlarda da bərpa işləri görəcəyik. Azərbaycan öz suverenliyini təmin edəcəkdir.

  • Əvvəlki

    Gürcüstan Ermənistana kömək təklif etdi

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0