Qarabağ Azərbaycandır!

Ölkədə "biznes leydi"lərin sayı artıb

26.09.2018 Biznes
Strateji Yol Xəritəsinə əsasən, qadın sahibkarların işgüzar əlaqələrinin möhkəmlənməsi, həmçinin Türkiyə-Azərbaycan qadınlarının işgüzar əlaqələrinin genişləndirilməsi məqsədi ilə Azərbaycanda ilk dəfə "Business Women Summit Azerbaijan" həyata keçirilib.

"Kommersant.az" xəbər verir ki, Türkiyənin tanınmış aparıcı, yazar və iş qadını Ece Vahapoğlunun moderatoruluğu ilə təşkil olunan tədbirdə millət vəkili Qənirə Paşayeva, "Azərbaycan-Türkiyə İş Qadınları Dərnəyi"nin sədri Vəfa Muradzadə, "Sahibkar Qadınlar İctimai Birliyi"nin sədri Zemfira Ağayeva, "Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Asossiasiyası" (AQSİA) idarə heyətinin sədri Səkinə Babayeva, "Azərbaycan Türk Qadınlar Birliyi"nin rəhbəri Tənzilə Rüstəmxanlı və digər iş xanımları iştirak ediblər.

Layihədə iş həyatında qadına dəstək siyasəti, qadının iş həyatındakı yeri, müxtəlif sektorlarda qadınların önəmi, qadınların təşəbbüskarlığı, iş dünyasında markaların tanınması və doğru PR strategiyası qurmanın önəmi, Azərbaycan və Türkiyədəki iş qadınlarının ortaq sərmayəsi ilə inkişaf etdirilə biləcək bizneslər və s. mövzular ətrafında müzakirələr edilib.

Tədbirdə qonaq qismində iştirak edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlova redaksiyamıza açıqlamasında bildirib ki, Dövlət Reyestrində qeydiyyatdan keçən fərdi sahibkar kimi fəaliyyət göstərən qadınların sayı artıb:

"Statistikaya əsasən, 2017-ci ilin əvvəlində 143 min 90 sahibkar xanım (kiçik və orta biznes üzrə) qeydiyyatdan keçib. 2018-ci ilin 1 aprelinə olan göstəriciyə əsasən isə bu rəqəm 172 min 616 olub. Sahibkarlıq fəaliyyətinə başlamaq istəyən xanımlara ilk növbədə dövlət dəstəyi olmalıdır. İkinci sırada isə həmin qadınların sahələr üzrə bilik və bacarıqlarının artırılması yer alır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT-nin Əhali Fondu (BMTƏF) ilə layihələr həyata keçirir. Layihələrin əsasında qadınların maliyyə savadının, bilik və bacarıqlarının artırılması, biznes planın qurulması ilə bağlı bankların əməkdaşlığa cəlbi durur".

Şöbə müdiri qeyd edib ki, komitə təkcə paytaxt Bakıda deyil, xüsusilə regionlarda qadın sahibkarların sayının artırılmasında maraqlıdır:

"2015-ci ildən etibarən ölkənin 5 rayonu üzrə (Salyan, Masallı, Biləsuvar, Neftçala, Gəncə) Qadın Resurs Mərkəzləri fəaliyyət göstərir. Mərkəzlərin əsas iş istiqaməti xanımlara sahibkarlıq fəaliyyətinə başlaması üçün dəstək verilməsindən ibarətdir. Aztəminatlı, çoxuşaqlı ailələrdən olan qadınlar, uğursuz ailə həyatı yaşayan, qaçqın və məcburi köçkün, şəhid ailələrindən olan xanımların iş həyatına cəlb edilməsi prioritetdir. İş xanımlarının istehsal etdiyi məhsulların brendə çevrilərək digər ölkələrdə satışının təşkil olunması, həmin ölkələrin sahibkar xanımları ilə şəbəkənin qurulması da əsas istiqamətlərdən sayılır. İş həyatındakı xanımlardan vizual model kimi istifadə edərək, onların uğur hekayələrinin təbliğini həyata keçirmək hədəf kimi hesablanıb".

A.Veysəlova vurğulayıb ki, iş fəaliyyətinə başlamaq istəyən xanımları maliyyə dəstəyindən öncə, işə harada və necə başlamaq sualı düşündürür.