USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Vahid Əhmədov: “Bahalı binaların tikintisi təxirə salınmalıdır”

21.01.2021 İnşaat və Əmlak
0 0
Prezident İlham Əliyev sonuncu müşavirədə çıxışı zamanı dövlət büdcəsindən xərclənən vəsaitlərə nəzarətin vacibliyini vurğulayıb: “Bəzi hallarda dövlət təşkilatları, necə deyərlər, öz rahatlıqları üçün lazım olmayan bir çox mal-material, əşya alırlar. Belə hallar var. Xaricdən avtomobillər, texnika, mebel alırlar. Buna son qoyulmalıdır. Biz bütün bu yersiz xərclərə son qoymalıyıq. Ona görə, xərclərə nəzarət daha güclü olmalıdır və baxın, bəlkə də hansısa əlavə bir nəzarət mexanizmi də tətbiq edilə bilər”.

Elə bu ərəfədə “Tekfen İnşaat Şirkəti”nin Azərbaycan Mərkəzi Bankının yeni tikiləcək inzibati binasının 218 milyon avroya başa gələcəyilə bağlı yaydığı məlumat geniş müzakirələrə səbəb olub. İnşaat şirkətinin rəhbəri Mustafa Kopuzun bildirdiyinə görə, 36 ayda tamamlanması gözlənilən bina 168 metr hündürlüyündə, 67 981 kvadrat metrlik ərazidə 37 mərtəbədən ibarət olacaq.

Sosial şəbəkələrdə gedən müzakirələrlə bağlı Azərbaycan Mərkəzi Bankı tərəfindən açıqlama veriləcəyi bəyan edilsə də, günlərdir səs-soraq yoxdur.

Qeyd edək ki, 120 milyon dollara başa gələcək “Azərsu” binasının, 414 mln. 237,659 min dollara başa gələn SOCAR-ın binaları da bu qəbildəndir... Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a bildirib ki, indiki məqamda izafi xərclərə yer verilə bilməz: “Heydər Əliyev prospekti boyunca yeni və əzəmətli binalar ucaldılıb. Bu binların ərsəyə gəlməsinə çox böyük həcmdə vəsaitlər sərf edilir. SOCAR-ın binasından başlamış prospekt boyunca yeni binalar bir-birini əvəzləyir. Azərbaycanın inkişaf etməsi, müasirləşməsi hamımızın arzusudur. Amma indiki məqamda biz bütün gücümüzü işğaldan azad edilmiş ərazilərimizə yönləndirməliyik. Nəzərə almaq lazımdır ki, Qarabağda infrastruktur sıfırdan yaradılacaq, bunun üçün isə böyük vəsait sərf olunmalıdır. Ən azı 4-5 il lazımdır ki, bu ərazilər yaşayış üçün lazımi vəziyyətə gətirilsin”.

Deputat bu cür inzibati binların tikintisinin müəyyən müddətə təxirə salınmasını təklif edib:

“Əlbəttə, əzəmətli binların tikilməsi də vacibdir. Dünyanın böyük dövlətlərində, Türkiyədə, ABŞ-da, Dubayda belə binlar çoxdur. Amma indi yox, bizim ehtiyaclı şəhid ailələrimiz, qazilərimiz, dirçəlişini gözləyən Qarabağımız var. Bu məsələlər həll ediləndən sonra binlar yenə də tikilsin. Bu binalar ya dövlət büdcəsi hesabına, yaxud da kreditlər hesabına tikilir. Amma istənilən halda həmin vəsait Azərbaycanındır, dəxli yoxdur büdcədən ayrılır, yaxud kreditlə həyata keçirilir. Məsləhət görərdim ki, bahalı inzibati binların tikintisi üçün nəzərdə tutulmuş pulları məhz işğaldan azad edilmiş ərazilərimizin bərpasına yönəldək. İnfrastruktur qurulmalı, yollar çəkilməli, evlər tikilməlidir. Qarabağın yenidən qurulması elə bir səviyyədə reallaşdırılmalıdır ki, Vətən müharibəsindəki qələbənin davamı olsun. Biz Qarabağı dirçəltməklə qələbəmizi tamamlamalıyıq”.