Bakıdakı "qul bazarları" ləğv edilir - LƏĞV EDİLİR

15.12.2018 İqtisadiyyat
Paytaxtın müxtəlif ərazilərində işsizlərin toplaşdığı və gündəlik 10-20 manat üçün hər cür işə razı olduğu qul bazarları var. Adlarına "qul bazarı” deyilir. Təbii ki, bu bazarlar qullar yox, insanlar əməklərini satışa çıxarır. "Qul bazarı” adı verilən bu məkanlarda toplaşanlar ən ucuz işçi qüvvəsi hesab edilir. Üstəlik, bəzən təqiblərə məruz qalır, fəaliyyətlərinin qanunsuz olduğunu əsas gətirilərək zaman-zaman məkanlardan qovulurlar.

Zaman-zaman bu bazarların ləğv edilməsi məsələsi də gündəmə gəlib. Lakin alternativ variant olmadığından bir məkandan qovulan "bazar" sakinləri başqa bir yerdə məskən salır.

Məsələ ilə bağlı Publika.az-a danışan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bazarların ləğv etməyə imkan verən alternativlərin yaradılmasını təklif edib.

Onun sözlərinə görə, həmin şəxslər üçün minimum xərclə yeni məkanlar yaradıla bilər.

"Neçə illərdir kölgə iqtisadiyyatının ləğvi iqtiqamətində dövlət proqramları qəbul edilir, mexanizmlər yaradılır. Bu məsələnin həlli istiqamətlərindən biri əmək bazarı ilə bağlıdır. Bizdə bu sahədə qeyri-rəsmi məşğulluq yüksək səviyyədədir. İqtisadi fəal əhalinin 5 milyon nəfərinin məşğul olduğu deyilir. Lakin muzdlu, ödənişli işə cəlb olunanların sayı elektoron informasiya sistemində 1 milyon 300 mindir. Təxminən bir pensiyaçıya bir işləyən düşür. Bir neçə yüz min nəfər də mülki müqavilə ilə işləyir. Təxminən 3 milyon 200 min civarındakı məşğul insanlar qeyri-formal sektor və ya kölgə iqtisadiyyatındadır. Onlar ödənişli əmək fəaliyyəti göstərsə də, əmək müqavilələri yoxdur, ya özünüməşğuldur, ya da ailə-fermer təsərrüfatındadır.

Kölgə iqtisadiyyatı ilə bağlı yüksək dairələrdə müzakirələr gedir. Vətəndaş cəmiyyəti olaraq biz də bu problemi aradan qaldırmaq üçün təkliflər hazırlamışıq. Onlardan biri kortəbii əmək bazarları ilə bağlıdır. Yanlış olaraq onların adını "qul bazarı" qoyublar. Qul bazarında insanın özü əmtəə kimi satışa çıxarılır. Bu bazarlarda isə insanlar öz əməklərini satışa çıxarır. Məsələnin pis tərəfi bu işin kortəbii təşkil edilməsidir. Şəhərin müxtəlif yerlərində, körpülərin altında əməyini satışa çıxaranlar üçün heç bir şərait yoxdur. Onlar üçün nə sanitar qovşaqlar, nə çay içmək, yemək yemək, nə də yağışda daldalanmaq üçün yer var. Həmçinin müxtəlif orqanları onları incitməsi, qanunsuz olaraq pul alması ilə bağlı məlumatlar eşidirik. Təklif edirik ki, minimal infrasturukturla şəhərin müxtəlif ərazilərində dövlət hesabına müəyyən yerlər yaradılsın. Bu ərazilərdə qeyd etdiyim həmin şərait yaradıla bilər. Bu zaman həmin şəxslərdən yalnız birdəfəlik patentlərin alınması üçün ödəniş tələb edilməsi mümkündür. Bu patentlər aylıq, illik, yarımillik ola bilər. Həmin patentlərin ASAN xidmət tərəfindən təqdim edilməsi mümkündür. Nəticədə həmin şəxslər kölgə iqtisadiyyatından çıxmış olacaqlar".

S.Məmmədov bildirir ki, bu dəyişikliyin tətbiqi ilə dövlət maddi baxımdan çox da qazanmayacaq:

"Düzdür, bu yenilikdən yüksək maddi qazanc olmasa da, şəhərin mərkəzindəki Avropa şəhərinə yaraşmayan yerlər ləğv olunacaq. Anti-sanitar şərait aradan qalxanacaq, həmin insanlar kölgə iqtisadiyyatından çıxıb, leqal iqtisadiyyata keçəcəklər. Bu şəxslərin üzərinə böyük vergilər yükləmək doğru deyil, sadəcə simvolik məbləğ müəyyən etmək olar. Burada intellektual məhsulu da satışa çıxarda bilər.

Bir vaxtlar məşğulluq xidməti nəzdində birja kimi mərkəzlər fəaliyyət göstərirdi. Bu məsələ özünü doğrultmadı. İndi də həm birja, həm də bazar kimi təşkil etmək olar".

Ekspertin sözlərinə görə, hazırkı durumda həmin "bazarları" ləğv etmək mümkün deyil:

"Onlar üçün alternativ yaratmaqla problem həll etmək olar. Həmin şəxsləri vergi uçotuna salmadan bazara gətirmək olar. Bu bir variantdır. Ola bilər ki, vergi orqanları başqa yollar taparaq, təkmilləşdirilə, mexanizm tapıla bilər. Gələn ildən kölgə iqtisadiyyatını ləğv etmək üçün vergi, sosial sığorta ilə bağlı qanunvericilikdə total dəyişikliklər edildi. Əvvəlki dəyişikliklərdə "adminstrativ rıçaqlar" möhkəmləndirildi, indi isə "stimullaşdırıcı rıçaqlara" üstünlük verilir. Bununla yanaşı, təklif etdiyimiz tədbirlər görülsə, daha yaxşı effekt əldə etmək olar".