"Əməkdar jurnalist” Füzuli İsmayılov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində mətbuat katibi vəzifəsinə təyinat alıb.
"Kommersant.az" xəbər verir ki, təyinat bu yaxınlarda gerçəkləşib. Qeyd edək ki, F.İsmayılov bu təyinatadək Dövlət Miqrasiya Xidmətində İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb.
Füzuli İsmayılov Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun, həmçinin, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunudur.Azərbaycan Milli Elmlər Akademiyasının aspiranturasında təhsil alıb. 2005-ci ildə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və ABŞ-ın mövqeyi" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Tarix elmləri namizədidir.
1996-cı ildən Azərbaycan Dövlət Radiosunda, 1998-ci ildən 2005-ci ilə kimi isə Azərbaycan Televiziyasında işləyib. 2005-ci ilin may-iyul aylarında Azərbaycan Müəllimlər İnstitutunda kadrlar şöbəsinin rəisi vəzifəsində çalışıb. 2005-ci il avqustun 1-dən İctimai Televiziyada işləyib. Bir müddət Gənclər və İdman verilişləri departemintinə rəhbərlik edib, Musiqi, bədii və əyləncəli verilişlər departemintinin direktoru, İnformasiya və analitik proqramlar departamentinin baş redaktoru, Kino və dublyaj departamentinin direktoru vəzifələrində çalışıb. Həftəlik "Yekun" analitik informasiya proqramı ilə efirə çıxıb və "Gecənin aydınlığı", "Aləm Ailəm" verilişlərinin müəllifi və aparıcısı olub. "Xalq seçir"-Prezident seçkiləri-2013 teledebatlarına moderatorluq edib.