USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sürücülər bunu mütləq oxuyun!

27.12.2018 İqtisadiyyat
0 0
Bu gün Azərbaycanda baş verən yol qəzalarının 51 faizi piyada vurulması ilə nəticələnir. Və bu hadisələrin 40 faizindən çoxunda isə günahkar piyada olur. Lakin praktikada sürücülər daha çox zərər çəkən tərəf olurlar. Bəs nə etməli?

"Kommersant.az" avtostop.tv-ə istinadən bəzi tövsiyələri təqdim edir. İndi sadalayacaqlarımız sizə böyük ölçüdə yardımçı olacaq.

Söhbəti uzatmadan əsas məsələyə keçid alırıq. Təhlükəsizlik və özünü qorumaq hər şeydən vacibdir. Ona görə, ilk edəcəyimiz avtomobili videoqeydiyyatçı ilə təmin etməkdir. Çünki hər yerdə kamera quraşdırılmayıb və məhkəmə zamanı əsas şahidiniz bu görüntülər ola bilər. Hər zaman avtomobilimizi texniki cəhətdən saz vəziyyətdə saxlayırıq. İşıqlar, təkər, əyləc sistemi. Hava şəraitini mütləq nəzərə alırıq. Yağış, qar, gecə, işıqlandırılmayan sahələrdən keçdikdə hərəkət sürətini aşağı salırıq.

Bu, bizim özümüzü qorumaq üçün atdığımız addımlardır. Bəs hadisə baş verdikdə nə edirik?

- Avtomobildən enib, zərər çəkmiş şəxsləri müəyyən edirik (sərnişin və piyada). ilkin tibbi yardım göstərməyə çalışırıq. Bilmiriksə, bunu indidən mütləq öyrənirik.

- Hadisə şahidləri varsa, telefon nömrələri və adlarını götürürük.

- Təcili yardım, polis və sığortaya məlumat veririk.

- Təcili yardım gecikərsə, vurulan şəxsi xəstəxanaya yola salırıq və ya özümüz aparırıq. Getməzdən öncə mütləq bu barədə polisə məlumat verib bu anı qeydə aldırırıq.

- Videoqeydiyyatçıda qeyd edilmiş video yazını yaddaş kartında saxlayıb, iş üzrə sübut kimi protokola əlavə etdiririk.

- Zərər çəkmiş şəxsə görə xəstaxanaya sığortaya qədər hansısa ödəniş etmişiksə, onun rəsmi çeklərini alırıq.

- Xəstəxanadan zərər çəkmişin aldığı xəsarətlə bağlı həkim rəyi ilə tanış oluruq.

- Polisdə izahat verən zaman, hadisənin baş vermə anını dəqiq və təffəruatlı yazırıq.

- Tibbi yoxlanışdan keçirik və əgər bizim və ya avtomobilimizdə olan şəxsin sağlamlığına zərər yetirilibsə, onu da qeydə aldırırıq.

- Avtomobilimizə dəymiş ziyanı müəyyən edib qüsur aktı alırıq.

Bəs məhkəmədə özümüzü necə qoruyuruq?

- Kamera görüntülərinə baxmağı tələb edirik.

- Ərazidə piyada keçidi varsa, piyada da keçid əvəzinə yolun ortasından keçirsə, onu mütləq qeyd edirik.

- Sizə, əsasən, bu maddəni ittiham kimi irəli sürülə bilərlər: 263.1. Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - Ona görə, mütləq avtomobilinizin texniki vəziyyəti haqqında texniki ekspertizanın rəyinə diqqət çəkin. Yəni, siz avtomobilin istismar qaydalarını pozmamısınız.

- Əlavə olaraq, sizin hava şəraitini də nəzərə aldığınız (sürət, işıqlandırma və s) texniki ekspertizada öz əksini tapmalıdır. Yəni, hava qaranlıqdır, yağış yağır, işıqlandırma yoxdur və siz saatda 40 km sürətlə hərəkət edirdiniz. Ona görə hava şarəitini nəzərə alaraq maksimum sürətdən qaçının.

- Videoqeydiyyatçıda qeyd olunan videodan diqqətinizin yayınmadığı da qeyd edilməlidir.

- Piyada tərəfindən YHQ pozulmasına görə qəza baş verdiyini məhkəmədə qeyd edib, piyada qarşı inzibati və ya cinayət işinin (dəymiş zərərdən asılı olaraq) açılmasının zəruri olduğunu qeyd edirik

Çünki Cinayət Məcəlləsində belə bir maddə var

Maddə 267. Nəqliyyat vasitələrinin təhlükəsiz işləməsini təmin edən qaydaları pozma

267.1. Sərnişin, piyada və ya yol hərəkətinin digər iştirakçıları (bu Məcəllənin 263-264 maddələrində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda

iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

267.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda-

üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

267.3. Bu Məcəllənin 267.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin həlak olmasına səbəb olduqda-

üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Yəni, bizim qanunda bütün qəzalarda sürücü günahkardır yanaşması yoxdur. Və piyadalar üçün də cəza nəzərdə tutulub. Həmçinin, siz piyadadan və ya həlak olarsa, yaxınlarından sizə dəymiş ziyana görə kompensasiya tələb edə bilərsiniz. Avtomobilinizin kasko sığortası olarsa, kasko sığorta sizə dəymiş ziyanı ödədikdən sonra subroqasiya qaydasında onlardan dəymiş zərərin qarşılığını ala bilər.

Bəzən piyadanın yaxınları sürücünü şantaj edirlər. Şantaja boyun əyməyin. Qaydanı siz pozmamısınızsa, siz onları məhkəməyə verib ödəniş ala biləcəyinizi deyin. Və mütləq bütün proseslərin yazılı sübutlarını əldə edin və toplayın.

Yekun olaraq:

- Avtomobilinizə videoqeydiyyatçı quraşdırın

- Kasko sığortanız olsun

- Qaydaları pozmayın.

  • Əvvəlki

    Azərbaycanda mənzillərin kirayəsində bahalaşma davam edir

Digər xəbərlər