USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azərenerji” yay rejiminə keçir: Baş verə biləcək qəzalar önlənəcək

03.05.2019 İqtisadiyyat
0 0
“Elektrik stansiyalarında qüsurlu avadanlıqların dəyişdirilməsi, temperaturun yüksəlməsi ilə bağlı avadanlıqlarda yarana biləcək çatışmazlıqların vaxtında aradan qaldırılması, yay rejimi üçün maksimum güc rejiminin hazırlanması qarşıya xüsusi tapşırıq olaraq qoyulub”.

"Kommersant.az" xəbər verir ki, bunu "Report"a "Azərenerji" ASC-nin Mətbuat Mərkəzinin rəhbəri Teymur Abdullayev deyib.

T.Abdullayevin sözlərinə görə, sözçüsü olduğu qurum elektrik enerjisinə tələbatın artması ilə əlaqədar yay rejiminə keçib:

"Yay aylarında turizm, o cümlədən əyləncə obyektlərinin intensiv fəaliyyəti, su, dondurma və başqa aparatların, iritutumlu soyuducuların, mənzillərdə və obyektlərdə kondisionerlərin fasiləsiz fəaliyyəti, həmçinin başqa amillər enerjisistemin bütün fəsillərlə müqayisədə ifrat dərəcədə yüklənməsinə səbəb olur. Ötən ilin iyul ayında enerjisistemdə baş verən qəzanın təkrarlanma ehtimalının aradan qaldırılması üçün "Azərenerji"nin rəhbərliyi indidən qabaqlayıcı və kompleks tədbirlər görür. Belə ki, elektrik stansiyalarında qüsurlu avadanlıqların dəyişdirilməsi, temperaturun yüksəlməsi ilə bağlı avadanlıqlarda yarana biləcək çatışmazlıqların vaxtında aradan qaldırılması, yay rejimi üçün maksimum güc rejiminin hazırlanması qarşıya xüsusi tapşırıq olaraq qoyulub. Eyni zamanda yüksəkgərginlikli ötürmə xətlərində, o cümlədən yarımstansiyalarda təmir və yoxlama işlərinin aparılması, hava xətlərinin mühafizə zonasında baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması üçün xətlərin qoruq zonalarında xüsusi tədbirlərin həyata keçirilməsinə göstəriş verilib. Enerjisistemin idarəolunması işini qüsursuz həyata keçirmək üçün xarici mütəxəssislərin dəvət edilməsi, baş verə biləcək hər hansı qəza hallarında əks-qəza və sistem avtomatikasının işinə "Azərişıq" ASC ilə birgə baxılmasının təmin edilməsi də qarşıya məqsəd qoyulub".

Xatırladaq ki, 2018-ci il iyulun 3-də "Azərbaycan" İstilik Elektrik Stansiyasında (İES) baş verən qəza nəticəsində ölkə üzrə elektrik enerjisinin verilişində fasilə yaranmışdı. "Report"un hökumətdəki mənbələrə istinadən verdiyi məlumata görə, baş verən qəza nəticəsində ölkə iqtisadiyyatına 500 mln. manata yaxın ziyan dəyib.

  • Əvvəlki

    Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsində 7% artım müşahidə edilib

Digər xəbərlər