II Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı keçirilir

17.05.2019 İqtisadiyyat
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) II Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı keçirilir.

"Kommersant.az" xəbər verir ki, konfrans XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2019” sərgisi çərçivəsində baş tutub.

Azərbaycan Baş Nazirinin müavini Əli Əhmədov, AQTA-nın sədri Qoşqar Təhməzli, Kənd Təsərrüfatı naziri İnam Kərimov, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Gürcüstan Milli Qida Agentliyinin rəhbəri Zurab Çekuraşvili, Avropa İttifaqının Sağlamlıq və Qida Təhlükəsizliyi üzrə Baş Direktoratlığının siyasət məmuru Jan Bloumendal, dövlət və hökümət nümayəndələri, millət vəkilləri və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi tədbirdə ölkədə qida təhlükəsizliyinin təmin olunması istiqamətində prioritet məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə çıxış edən Agentliyin sədri Qoşqar Təhməzli qeyd edib ki, II Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransının keçirilməsində əsas məqsədlərdən biri qida təhlükəsizliyi sahəsində xarici ölkələrlə və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirmək, onların Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə töhfə verə biləcək layihələri səmərəli şəkildə əlaqələndirmək, həyata keçirmək və bu istiqamətdə mütəmadi olaraq fikir mübadiləsi aparmaqdan ibarətdir. O bəyan edib ki, Agentlik bu sahədə beynəlxalq təşkilatlarla hər cür əməkdaşlığa və birgə fəaliyyətə hazırdır.

II Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransında Kodeks Alimentarius standartları, yerli qanunvericilik və beynəlxalq harmonizasiya, risklərə əsaslanan idxal qaydaları, HACCP sisteminin tətbiqi və qida təhlükisizliyi sahəsində fəaliyyət göstərən subyektlərin vəzifələri, qida təhlükəsizliyinin təmin olunmasında heyvanların identifikasiya sistemi və izlənilməsi mövzularında sessiya müzakirələri aparılıb.

Konfransda Agentliyin tabeliyində olan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə Türk Standartlar İnstitutu (TSE), Türkiyə Akkreditasiya Qurumu (TÜRKAK), ABŞ Meriland Universiteti, ABŞ-Azərbaycan Ticarət Palatası arasında əməkdaşlıq haqqında anlaşma memorandumları imzalanıb.

Eyni zamada konfransda “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nda qarşıya hədəf kimi qoyulmuş bir sıra məsələlər ətrafında müzakirələr aparılıb.

Qeyd edək, II Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı ölkəmizin etibarlı tərəfdaş kimi beynəlxalq təşkilatlarla əməkdaşlığını daha da genişləndirəcək, kənd təsərrüfatı və qida sənayesi sektorları üzrə ixracatın inkişafına mühüm töhfə verəcək, daxili və beynəlxalq bazarlarda istehlakçıların ehtiyaclarına cavab verən yüksək keyfiyyətli və təhlükəsiz məhsulların istehsalına kömək edəcək.

Report

VTB