USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda "islam maliyyəsi"nin inkişafına ehtiyac var - MÜSAHİBƏ

11.06.2019 İqtisadiyyat
0 0
"Kommersant.az" Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (İCD) baş iqtisadçısı Dr. Elvin Əfəndinin "Report"a müsahibəsini təqdim edir:
- Hazırda dünyada "islam maliyyəsi" sahəsində vəziyyəti necə qiymətləndirirsiniz? - Hesab edirəm ki, son 20 ildə "islam maliyyəsi"nin qızıl dönəmi olub. İslam maliyyəsi aktivlərinin orta illik artım iki rəqəmli olmuşdur. Artım xüsusən də islam bankçılığı sahəsində idi. Son dövrlər bu temp bir qədər zəifləməsinə baxmayaraq, bu gün təxminən dünya üzrə "İslam maliyyəsi" üzrə aktivlərin həcmi 2 trln ABŞ dollarının üzərindədir. Həmçinin bu maliyyələşmənin yeni sahələri inkişaf etməyə başlayıb. Məsələn, ən çox yayılan "İslam maliyyəsi" alətlərindən biri "Sukuk" adlanan islam istiqrazlarıdır. Həmçinin "yaşıl sukuk" deyilən istiqrazlar da marağ yaratmağa başlayıb. Son 20-25 ildə dünya iqtisadiyyatında baş verən böhranlar islam bankçılığına o qədər də təsir etmədi. Buna səbəb odur ki, islam bankçılığı riskin bölüşdürülməsi üzrə qurulmuş konsepsiyadır. Həm pulu verən, həm də pulu alan riskə girir. Burada digər banklarda olduğu kimi təkcə pulu alan riskə atılmır. İqtisadi böhranın islam ölkələrinə təsir etməməsinin digər səbəbi də subyektiv amillərlə bağlıdır. Belə ki, bu böhran əsasən Qərb dünyasında başladı və əsas iri maliyyə institutlarına təsir etdi. Amma onu da əlavə edim ki, islam banklarının heç vaxt krizislə üzləşməməsi ilə bağlı fikir bildirmək doğru olmaz. Dünya təcrübəsində faktlar var ki, islam bankları böhran səbəbindən bağlanıb. "İslam maliyyəsi"nin əsasən Malayziya, İran, Türkiyə, Körfəz ölkələrində və başqa islam ölkələrində geniş bazarı var. Amma bundan əlavə qeyri-islam dövlətlərində də buna maraq var. Məsələn, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları və Sinqapurda "İslam maliyyəsi"nin bəlli bazarı var. Həmçinin Rusiyada bu tipli maliyyələşməyə maraq böyükdür. Post-sovet ölkələrində bu sahə o qədər də geniş yayılmayıb. Əsasən Qazaxıstan və Özbəkistan kimi Mərkəzi Asiya ölkələrində bu müəyyən qədər inkişaf edib. - Bəs Azərbaycanda islam bankçılığın tətbiqi ilə bağlı durum nə yerdədir? - Azərbaycandakı vəziyyətə gəlincə isə burada İslam İnkişaf Bankı Qrupu tərəfindən bu günə qədər "İslam maliyyəsi" ekosistemi yaradılması üçün bir çox işlər görülüb. Ümumən götürdükdə, islam bankçılığının əsasını aktivə yönələn investisiyalar təşkil edir, ona görə də müvafiq qanunvericilik olmadan Azərbaycanda islam bankı açmaq iqtisadi cəhətdən əlverişli deyil. Əgər qanunvericilikdə lazımı dəyişikliklər edilməsə bu aktivlər ikili vergitutmaya cəlb edilə bilər. Əgər Azərbaycanda "İslam maliyyəsi" qanunvericiliyi mövcud olsa bu aşağı faizli maliyyə axınına şərait yaradacaq. Bilirsiniz ki, Körfəz ölkələrində, Malayziya və Səudiyyə Ərəbistanında kapitalın dəyəri çox aşağıdır. - Azərbaycanda insanlar islam bankçılığı ilə bağlı düşünür ki, burada faiz yoxdur. Həqiqətənmi faiz yoxdur və ya əgər faiz yoxdursa xərclər necə tənzimlənir? - İslam bankçılığında faiz anlayışı yoxdur, amma konseptual olaraq "mənfəət marjası" (profite rate) adlı anlayış var. Çox vaxt insanlar islam bankçılığını ucuzluğuna görə deyil, faizsiz və ya halal olduğuna görə seçirlər. Buna misal olaraq Şimali Afrika ölkələrini, Körfəz ölkələrini göstərə bilərik. Bu coğrafiyada yaşayan insanlar deyir ki, islam bankçılığı baha olsa da onu üstün tutacaqlar, təki şəriət qaydalarına əməl olsun. Lakin ınsanlar həm də rasional davranmağa meyillidilər, ucuz və sərfəli şərtlərlə kredit əldə etmək istəyirlər. Məsələn, Azərbaycanda olduğu kimi insanlar həm də fürsətcildir. Onların bir çoxu islam bankçılığına faizin olmamasına və ya daha aşağı olmasına görə üz tuturlar. Etiraf edək ki, Azərbaycanın bank sistemində kredit faizləri kifayət qədər yüksəkdir. Bu bir neçə səbəblə - əməliyyat xərclərinin yüksək olması, bank sektorunda risklərin mövcudluğu, rəqabət mühitinin zəif olması və s. ilə bağlıdır. Əgər ölkəyə islam bankçılığı kimi alternativ maliyyə xidmətləri, ucuz maliyyə gəlsə bu imkan yaradacaq ki, kredit faizləri aşağı düşsün. - Sizin fikrinizcə Azərbaycanda "islam maliyyəsi"nin tətbiqi niyə arzu olunan səviyyədə deyil? - "İslam maliyyəsi"nin ölkəmizdə geniş tətbiqi bir çox imkanlar aça bilər. Qeyd etdiyim kimi, İslam maliyyələşməsi real istehsala və aktivlərə əsaslanan sərmayədir. Burada spekulyasiyalarla işləməyə qadağa qoyulur. Azərbaycanda "islam maliyyəsi"nin çox zəif inkişaf etməsinin əsas səbəbi bu sahədə arzuolunan ekosistemin və qanunvericilik bazasının mövcud olmamasıdır. Həmçinin hesab edirəm ki, Azərbaycanda islam bankçılığına maraq göstərənlərin bir qismi də rasional və ya fürsətçillərdir. Sırf bu şəriət qaydalarına uyğundur deyə islam bankçılığı ilə maraqlananlar kütləvi deyil. Amma hesab edirəm ki, islam bankçılığının inkişafı bütünlükdə iqtisadiyyat üçün sərfəli olmuş olardı. Bu bazara daha ucuz maliyyənin axmasına, bank sistemində rəqabət mühütinin güclənməsinə və dindar müsəlmanların maliyyə tələblərinin təmin edilməsinə yardım göstərə bilər.
  • Əvvəlki

    “Amrahbank” işçilərinin sayını artırdı

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0