USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Heç kimə güzəşt olmayacaq! - Korrupsionerlər hədəfdə

18.10.2019 İqtisadiyyat
0 0
Dövlət qurumlarında rüşvətxorluq və korrupsiya hallarına qarşı sərt mübarizəyə start verilir.

"Kommersant.az" xəbər verir ki, bu dəfə heç kimə güzəşt olmayacaq. Çünki, ölkə başçısı İlham Əliyev oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədə bu məsələ üzərində xüsusi dayanıb.

"Elə etməliyik ki, Azərbaycanda hər bir sahə şəffaf olsun və ən yüksək standartlara cavab versin. Əlbəttə ki, bu məqsədə nail olmaq üçün korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılmalıdır. Hesab edirəm ki, hazırda bu mübarizə bizi tam qane edə bilməz. Çünki biz bilirik ki, korrupsiya halları geniş vüsət alıb, təkcə Azərbaycanda yox, bütün MDB məkanında.

Yəni, bu, bizim keçmişdən qalan acı mirasımızdır. Ancaq biz xoşagəlməz hallara qarşı mübarizə aparmalıyıq və təkcə hüquq-mühafizə orqanları yox, bütün aidiyyəti qurumlar, o cümlədən vətəndaşlar. Mən dəfələrlə demişəm ki, ictimai nəzarət daha da güclü olmalıdır. Hər bir yerdə, hər bir bölgədə, Bakının hər bir yerində əgər hansısa qanunsuzluq baş verirsə, aidiyyəti orqanlar bunu aşkarlamalı və bu qanunsuzluğa yol açan vətəndaşları, insanları məsuliyyətə cəlb etməlidirlər.

Vətəndaşlar da öz növbəsində məlumat verməlidirlər, ictimai nəzarət baxımından daha da fəal olmalıdırlar ki, biz islahatları aparaq və ölkəmizin qüdrətini artıraq", - deyə Prezident bəyan edib.

Göründüyü kimi ölkə başçısı rüşvətxorluq və korrupsiyaya qarşı amansız mübarizədən danışır. Deməli, vətəndaşların da ciddi narazılıq etdiyi "keçmişdən qalan bu acı miras" hakimiyyətin zirvəsində də ciddi narahatlıq doğurmağa başlayıb.

Bu halda rüşvətxorluq və korrupsiyaya qarşı mübarizənin həbslərlə müşaiyət olunacağını ehtimal etmək olar. Fəqət, bu dəfə "xırda balıqlar"in deyil, "kitlər"in hədəfdə olacağı gözlənilir. (Yenisabah.az)