USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“DYP-nin işçiləri azaldılmalı, yol postları ləğv edilməlidir” - Ekspertdən təklif

31.01.2020 İqtisadiyyat
0 0
"DYP-nin avtomobil yollarında dayanan işçiləri ixtisar olunmalı və yolda olan postları ləğv edilməlidir”.

"Kommersant.az" xəbər verir ki, bunu iqtisadçı-ekspert Qubad İbadoğlu bildirib. Onun fikrincə, ölkədə sürücülük mədəniyyəti çox aşağıdır:

"Odur ki, yollarda hərəkətin təhlükəsizliyinə polis nəzarəti saxlanmalıdır. İlk baxışdan bu iki məsələ arasında sintez vardır. Amma hesab edirəm ki, bu səbəb-nəticə əlaqəsi kimi qəbul edilə bilməz. Çünki bu gün sürücülük mədəniyyətinin formalaşmasına 2 amil ciddi əngəl göstərir. Birincisi, sürücülük hüququnun əldə edilməsi və yol hərəkəti qaydalarının pozulması zamanı rüşvətxorluq, ikincisi, müstəqil məhkəmə hakimiyyətinin olmamasıdır. Götürək, sürücülük vəsiqəsinin alınması üçün test imtahanlarını. Heç şübhəsiz ki, sürücülərin bir hissəsi sürücülük vəsiqəsini rüşvətlə alır və hər gün yollara çıxır. Onlar arasında yol hərəkətinin təhlükəsizlik qaydalarını bilmədən və təcrübəsizlikdən qəza törədənlərin sayı çoxluq təşkil edir. Rəsmi məlumatlara görə, ötən il respublika ərazisində 1870 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 821 nəfər həlak olub, 1702 nəfər xəsarət alıb. Qəzalarda həyatını itirənlər arasında gənc ailə başçıları da üstünlük təşkil edir. Sonra da onların övladlarına dövlətdən ailə başçısını itirməyə görə pensiya, xəsarət alanlara isə əlilliyə görə müavinət verilir. İtirən kimdir, yenə də dövlət və hər birimiz".

Qubad İbadoğlu vurğulayıb ki, avtomobil yollarında quraşdırılan təhlükəsizlik kameralarının sayı ildən-ilə artır:

"Onlar daha müasirləri ilə əvəz olunur və bu məqsədlə on milyonlarla manat vəsait xərclənir. Bu xərclər də dövlət büdcəsindən ödənilir. Bununla yanaşı, DYP-də çalışanların sayı artır və onların tez-tez dəyişilən bahalı xidməti avtomobilərinə də dövlət büdcəsindən pul ayrılır. Yenə də itirən kimdir, dövlət və hər birimiz.

Göründüyü kimi, bu sahədəki rüşvətxorluq və pis idarəçilik dövlət vəsaitlərindən istifadənin səmərəsini aşağı salır və ən pisi odur ki, ildən-ilə yol qəzasında həyatını itirənlərin sayı artır. Ötən il 2018-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 53 fakt, onların nəticəsində həlak olanların sayı 99 nəfər artıb. Hər il orta hesabla əvvəlki illə müqayisədə 100 ölüm hadisəsi çoxalır. Niyə susuruq?

Nə etməliyik? Əvvala, sürücülük vəsiqəsi almaq üçün imtahan suallarını beynəlxalq standartlara uyğunlaşdırmalıyıq. Hazırda 10 sualdan 3 sualı yol hərəkəti qaydalarını, qalan 7 sual isə texniki məsələləri əhatə edir. Ona görə də başqa ölkələrdə, o sıradan ABŞ-da xarici dildə asanlıqla imtahan verənlər, Bakıda ana dillindən sürücülük imtahanından dəfələrlə kəsilirlər. Elə şəxslər var ki, 5-6 dəfədən sonra imtahandan keçə bilir. İkincisi, suallar təkmilləşdiriləndən və beynəxlaql standartlara uyğunlaşdırılandan sonra sürücülük vəsiqəsinin verilməsi ilə bağlı imtahanların götürülməsi Dövlət İmtahan Mərkəzinə verilməlidir. Nəhayət, təhlükəsizlik məqsədilə quraşdırılan müşahidə kameralarının imkanlarından daha çox istifadə edilməklə, DYP-nin avtomobil yollarında dayanan işçilərinin sayı azaldılmalı və yolda olan postları ləğv edilməlidir".

  • Əvvəlki

    Koronavirus Azərbaycan iqtisadiyyatına da təsir göstərməyə başladı

Digər xəbərlər