USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Mən kimin yaxasında tutum?!” – Deputata ağır sözlər deyildi

06.02.2020 İqtisadiyyat
0 0
42 saylı Sumqayıt ikinci Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi Tahir Mirkişilinin seçicilərlə görüşündə gərginlik yaranıb.

Belə ki, dairənin "Stansiya Sumqayıt" adlanan ərzasində baş tutan təbliğat görüşünə orta məktəblərdən müəllimlər cəlb olunublar. Onlar etiraf ediblər ki, direktorun tapşırığına görə namizədin görüşünə gəliblər. Təhsil işçilərinin bəziləri isə ümumiyyətlə hansı namizədin tədbirinə gəldiyini deməyə çətinlik çəkib.

Bu fakt Tahir Mirkişili ilə görüşə gələn seçiciləri qəzəbləndirib. Onların tələbi ilə müəllimlər tədbir keçirilən zaldan çıxarılıb. Namizəd problemləri başından aşan seçicilərin kəskin çıxışları, ittihamları ilə üz-üzə qalıb. Seçicilərdən biri üzünü namizədə tutaraq deyib ki, bizə deputat lazım deyil: "Mən sizdən heç nə gözləmirəm, bizə belə deputat lazım deyil!..." Seçicinin bu etirazı sakinlərin alqışları ilə qarşılanıb.

Görüşdə iştirak edən şəhid atası isə daha kəskin ifadələr işlədib. O, üzünü namizdə tutaraq sərt şəkildə "daha bəsdir, boğaza yığılmışam" deyib. Şikayətçi deputatın onun problemini dinlədiyini, ancaq tədbir görmədiyini vurğulayıb: "Başımın altına yastıq qoydunuz. Siz də, nazirlər də o şəhidlərin qanı üzərində o kresloda oturmusunuz. Daha bəsdir, bu oyunu qurtarın!" Şəhid atasının çıxışı da sakinlərin alqışları ilə qarşılanıb.

Daha bir Sumqayıt sakininin çıxışından: "Ölkədəki korrupsiya, rüşvətxorluq bütün sahələri, təhsili səhiyyəni xərçəng kimi məhv edir. Vicdanınızın səsinə qulaq asaraq deyin, bircə dəfə Milli Məclisdə bu barədə danışıbsınızmı?"

T.Mirkişili seçiciyə cavabında deyib: "Kim ki, Azərbaycanda korrupsiya və rüşvətlə məşğul olub, onlar bu ölkənin düşmənləridir".

Sakinlərdən biri isə 3 dəfə T.Mirkişilinin qəbuluna getdiyini, saatlarla gözləsə də qəbul edilmədiyini bildirib.

Tahir Mirkişili ona deyib ki, buranın ("Stansiya Sumqayıt"ı nəzərdə tutur - red ) nə icra nümayəndəsi, nə də bələdiyyə sədri var. "Mən kimin yaxasında tutum?!"

Görüş başa çatdıqdan sonra T. Mirkişili çəkiliş aparan müstəqil media nümayəndələrinin suallarına cavib verib:

- Milli Məclis buraxıldı və siz də bu qərarı dəstəkləyibsiz. Bəs niyə yenidən namizəd oldunuz?

- Milli Məclis islahatlara görə buraxılıb. Mənim namizədliyimi YAP verib. Partiyada təhlillər aparılıb və millət vəkillərinin bir hissəsinin yenidən namizəd olması qərara alınıb. YAP-ın 20-ə yaxın namizədi bu il irəli sürülməyib.