Səfər Mehdiyev və Qoşqar Təhməzli arasında görüş keçirilib
İyunun 7-də Bakı Baş Gömrük İdarəsində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev ilə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli arasında görüş keçirilib. Görüşdə iyulun 1-dən qida məhsullarının idxal-ixrac əməliyyatlarına tətbiq ediləcək yeni qaydalar, həmin qaydaların icra mexanizmləri müzakirə olunub.
Hər iki qurumun rəhbəri Bakı Baş Gömrük İdarəsinin zalında qida məhsullarının gömrük rəsmiləşdirilməsi prosesini əyani şəkildə izləyib, sahibkarlarla görüşərək onları maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparılıb, yeni qaydaların əhəmiyyəti, idxal-ixrac proseslərinin sadələşdirilməsi ilə bağlı məlumatlandırıblar.
S.Mehdiyev və Q.Təhməzli Bakı Baş Gömrük İdarəsinin inzibati binasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları üçün yaradılan iş şəraiti ilə tanış olublar.
Görüşün sonunda birgə əməkdaşlıq çərçivəsində nəzərdə tutulan tədbirlər barədə fikir mübadiləsi aparılıb, müvafiq struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verilib.