USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Avtobuslarda arakəsmələrin quraşdırılması yerində olan tələbdir” - RƏY

05.05.2020 İqtisadiyyat
0 0
İnsanların daha çox istifadə etdiyi ictimai nəqliyyat koronavirus infeksiyasının yayılmasında müəyyən bir risk daşıyır. Məhz bu riski aradan qaldırmaq və yoluxma ehtimalının qarşısını almaq üçün ictimai nəqliyyatla bir sıra tədbirlər həyata keçirilir.

Bu tədbirlərdən biri də Bakı Nəqliyyat Agentliyinin (BNA) daşıyıcı şirkətlərə avtobuslarda, taksi fəaliyyəti göstərən şəxslərə isə avtomobillərdə şəffaf arakəsmələrin quraşdırılması ilə bağlı irəli sürdüyü tələbdir.

Bəs bu tələb yoluxma riskini aşağı endirmək üçün nə dərəcədə effektivdir?

"Kommersant.az" xəbər verir ki, məsələ ilə bağlı Editor.az saytına açıqlama verən nəqliyyat sahəsi üzrə ekspert Yasin Mustafayev bildirib ki, izolyasiya tədbirləri çərçivəsində sürücü ilə sərnişin arasındakı təmasın minimuma endirilməsi vacib şərtlərdəndir:

"Statistikaya əsasən koronavirus infeksiyasına yoluxma 90% hava-damcı, 10% isə hər hansı cismə toxunma nəticəsində baş verir. Bu da yoluxmanın əsasən hava-damcı yolu ilə baş verdiyini sübut edir. Biz isə sürücü və ya sərnişinlərdən hansının virus daşıyıcısı olduğunu bilmirik. Buna görə də, BNA-nın avtobuslarda və taksilərdə arakəsmələrin quraşdırılması tələbi yerində bir tələbdir və ona mütləq əməl edilməlidir. Arakəsmələrin quraşdırılması yoluxma riskini aşağı endirmək baxımından xüsusi önəm daşıyır".

Ekspertin sözlərinə görə, arakəsmələr həmçinin təhlükəsizlik baxımından effektivdir:

"Çünki əyləc sərt şəkildə basıldıqda hər hansı bir cismin sürücüyə toxunması və sürücüyə zədə yetirməsi kimi hadisələr baş verə bilər. Buna görə də, həm təhlükəsizlik, həm də virusdan qorunma üçün müəyyən baryerlərin olması mühümdür".

Ekspert əlavə edib ki, arakəsmələrin tətbiqini qanun halına gətirmək və bunun üçün müəyyən cərimələr müəyyən etmək daha effektiv olar:

"Arakəsmələrin quraşdırılmaması ilə bağlı daşıyıcı şirkətlərin və taksilərin cərimələnmə sistemi də tətbiq oluna bilər. Cərimə mexanizmi bu tələbə laqeydliyi azalda bilər və biz həm avtobus, həm də taksilərdə bu qaydaların tətbiq olunmasının şahidi olarıq".