USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Mübariz Mənsimovun qapısına kim gedibsə, ümidsiz qaytarmayıb”

29.05.2020 İqtisadiyyat
36 6
Məlum olduğu kimi, tanınmış azərbaycanlı iş adamı, xeyriyyəçi, gənc nəslin maarifləndirilməsi üçün daim təhsil proqramlarını maliyyələşdirən "Palmali" Şirkətlər Qrupunun təsisçisi Mübariz Mənsimov artıq iki aydan çoxdur ki, Türkiyə Respublikasında həbsdə yatır. Bu müddət ərzində bir neçə dəfə onun səhhəti ağırlaşıb, günlərlə aclıq keçirib. Hətta mayın əvvəllərində onun saxlandığı həbsxanada koronavirus infeksiyası tapılıb. Bütün bunlar Azərbaycan ictimaiyyətini bərk narahat edir...

Ötən iki ay ərzində Qarabağ qaziləri M.Mənsimovun müdafiəsinə qalxaraq onun Hüquqlarını Müdafiə Komitəsi yaradıb vəTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana, Azərbaycan prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Türkiyə Milliyətçi Hərəkat Partiyasının başqanı Dövlət Baxçalıya, Türkiyənin Bakıdakı Səfirliyinə və Azərbaycanın İstanbuldakı Baş konsulluğuna müraciət ünvanlayıblar. Bundan başqa dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar da Mübariz Mənsimovun Hüquqlarının Beynəlxalq Müdafiə Komitəsi yaradaraq Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğana və Ədalət Nazirliyinə bəyanatla müraciət ediblər. Lakin hələki müsbət bir nəticə yoxdur...

Son dövrlərdə publisist kimi də tanınan sabiq deputat və keçmiş polis rəisi Cahangir Hüseynov da Moderator.az-a açıqlamasında Mübariz Mənsimovun məhkəməsi olmamış uzun müddət həbsdə saxlanmasından narahatlığını ifadə edərək Azərbaycan ictimaiyyətini tanınmış iş adamı və xeyriyyəçinin hüquqlarını daha fəal şəkildə müdafiə etməyə çağırıb.

"Öncə bütün Azərbaycan xalqını hamımız üçün çox əziz bir bayram olan 28 May- Respublika günü münasibəti ilə təbrik edir, hər kəsə şəxsi və ictimai həyatında uğurlar diləyirəm.

Hazırda Azərbaycanın varidatlarını qanuni şəkildə təqdim edən 4-5 leqal oliqarxı var. Təəssüf ki, onlar da öz Vətənlərində yox, əsasən Rusiyada və ya Türkiyədə fəaliyyət göstərirlər...

Onlar arasında sadə xalq tərəfindən daha çox sevilən, xeyriyyəçi kimi tanınan Mübariz Məsimovdur. Onunla şəxsən yaxın tanışlığım yoxdur, bir neçə dəfə xeyirdə-şərdə rastlaşmışıq. Amma cəmiyyətdə yayılan informasiyalar sayəsində onu xalqının, dövlətinin işinə yarayan xeyirxah, vətənpərvər bir insan kimi tanımışam. Fəxr etmişəm ki, belə bir cavan Azərbaycan oğlu gedib Türkiyədə nəhəng bir şirkət yaradıb, böyük xeyriyyə işləri görüb və s. Özüm bir müddət Türkiyədə yaşayanda öyrəndim ki, onun qardaş ölkənin həm iqtisadi, həm siyasi aləmində həddən artıq böyük nüfuzu var. Ayrıca Azərbaycanla bağlı nə qədər xeyriyyə işləri görüb. Neçə-neçə soydaşımızı Türkiyədə müalicə etdirib. O cümlədən məşhurlardan rəhmətlik Yaşar Nuriyə, Baloğlan Əşrəfova öz hesabına qaraciyər transplnatasıiyasını təşkil etdi və s.

Hazırda bir neçə aydır Mübarizi Türkiyədə həbsdə saxlayırlar. Azərbaycanda da Mübariz Məsnsimovu bir qeyrətli, xeyirxah oğul kimi tanıyan on minlərlə insan başlayıb mətbuatda, internet kanallarında, saytlarda və sosial şəbəkələrdə onun müdafiəsi üçün çıxışlar etməyə. Onun hüquqlarını Müdafiə Komitələri yaradılıb. Türkiyə və Azərbaycan rəhbərliklərinə müraciətlər olub. Sağ olsunlar. Ancaq görünür, bunların effekti olmayıb. Və mən bir hüquqşünas kimi də deyirəm ki, yalnız bunlarla Mübariz Mənsimovun azadlığına nail olmaq mümkün deyil. Daha fəal, daha birgə, daha ağıllı mübarizə aparmaq gərəkdir. Doğrudur, ona qarşı qaldırılmış cinayət işinin nə dərəcədə əsaslı olub-olmamasını söyləmək, nə isə sübut etmək imkanımız yoxdur. Ancaq bir azərbaycanlı kimi, bir tanınmış ictimaiyyət nümayəndəsi kimi biz Mübarizi müdafiə etməliyik. Və bunun üçün Mübariz Mənsimovun azadlığı uğrunda daha genişmiqyaslı bir ictimai təşkilat yaradılmalıdır. Mən də həmin qurumun üzvü olmağa hazıram. Həmin ictimai təşkilatın nümayəndələri Türkiyə Ali Məhkəməsinə müraciət etməlidirlər ki, biz Mübariz Mənsimova zamin dururuq. Onun Türkiyədə yüz milyonlarla dollarlıq əmlakı var, o, heç haraya qaçası deyil. Mübariz bir iş adamı kimi Türkiyə dövlət büdcəsinə milyonlarla vəsait köçürüb. Hamının səhvi, xətası ola bilər. Fəqət, bu dünyanın pandemiyaya büründüyü bir vaxtda belə bir adam nəyə görə zindanda oturub xəstələnməlidir? Gah deyirlər, burnundan qan açıldı, gah deyirlər, aclıq elan edib. Üstəlik, onun saxlandığı həbsxanada koronavirus infeksiyası yayılıb. Nəyə görə Mübarizin yaşlı atası-anası, ailəsi, övladları əziyyət çəkməlidir? Bu adam qatı cinaətkar deyil, residivist deyil. Onun barəsində həbs qətiimkan tədbiri dəyişdirilsin, ölkədən kənara çıxmasın, lap ev dustağı olsun və məhkəmə prosesi davam etdirilsin. Hazırda Tükiyədə "FETO" ilə bağlantıda şübhəli olan on minlərlə adamın həbsdə olmaya-olmaya istintaqı gedir. Mübariz Mənsimova da eyni qaydanı tətbiq etmək mümkündür. Əgər doğrudan da cinayəti varsa, məhkəmə onu sübut etsin, yoxdursa, birdəfəlik azadlığa buraxılsın. Bir sıra sivil ölkələrdə, Amerikada, Avropada, hətta Gürcüstanda, Ermənistanda belə, müəyyən məbləğ müqabilində qatı cinayətkarlar məhkəmə müddətində zaminə buraxılır. Burada həm dövlət qazanır, həm də vətəndaşın hüquqları, səhhəti qorunur...

Onu da bilirəm ki, Türkiyənin dövlət, eləcə də məhkəmə sistemi ədalətlidir, məhkəmələr azaddır. Orada əsassız yerə adamı həbsdə saxlamırlar. Ancaq bu gün Mübarizə ictimaiyyət tərəfindən yüksək səviyyəli dəstək olduğunu hiss etsələr, daha demokratik yollardan istifadə etməyə çalışarlar.

Mübariz Mənsimov da bir azərbaycanlı kimi bu 10 milyonluq Azərbaycan xalqına güvənir. Axı onun qapısına kim gedibsə, əksəriyyətini boş, ümidsiz qaytarmayıb. Bu gün də biz ona dəstək olmalı, qısa müddətdə, onun ən azı, zaminə buraxılmasına nail olmalıyıq..." - deyə Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin keçmiş rəhbəri fikrini tamamlayıb.

  • Əvvəlki

    Oqtay Şirəliyev koronavirusdan danışdı

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0