"Belarusda hakimiyyətə kim gəlirsə-gəlsin, Rusiya ilə münasibətləri korlamaq lüksünə sahib olmayacaq”.
"Kommersant.az" xəbər verir ki, bunu politoloq Şahin Cəfərli deyib. O bildiruib ki, Moskva da bunu yaxşı anladığı üçün hadisələrdən çox da narahat görünmür:
"Belarusda ÜDM 2010-cu ildə 7,7%, 2011-ci ildə 5,5% artıb. Son 8 ildir inkişaf yoxdur, iqtisadi durğunluq var, hətta bəzi illərdə (2015-2016) tənəzzül baş verib. Ötən il cəmi 1,2% artım qeydə alınıb ki, bu, əslində böyümə yox, durğunluq anlamına gəlir. Digər tərəfdən, ötən müddətdə Rusiya Belarusa siyasi loyallığın əvəzində ciddi miqdarda yardımlar edib: həm güzəştli qiymətlərlə neft-qaz satıb, həm də kreditlər verib. Beynəlxalq Valyuta Fondu 2005-2015-ci illərdə Rusiyanın Belarusa birbaşa və dolayı yardımlarının həcmini 100 milyard dollar həcmində hesablayıb. Belarusa birbaşa investisiyaların 40%-ə yaxını, ölkənin ticarət dövriyyəsinin yarısı (49%) Rusiyanın payına düşür. Kimsə deyə bilər ki, Rusiyadan bu preferensiyaları ala bilmək asan iş deyil və xüsusi bacarıq tələb edir. Lukaşenkonun bu istedadını və qabiliyyətini inkar etmirəm. Amma sovetdən qalma kolxoz-sovxoz sistemini bu günə qədər saxlamaq və bir mənbədən (ölkədən) iqtisadi asılılıq xüsusi nailiyyət deyil. Batka özü də bunu başa düşərək, son aylarda diversifikasiya siyasəti yeridirdi".
Politoloq qeyd edub ki,Lukaşenkonun "xalqı yağ-bal içində bəsləyən, çörəkverən kişi" obrazını yaradanlar camaatı aldatmasınlar:
"Lap hesab edək ki, doğrudur, Lukaşenko Belarusu İsveçrəyə çevirib. Nə olsun? Bu, ona haqq vermir ki, ölənə qədər hakimiyyətdə qalsın. Görürük ki, Belarus əhalisinin mütləq əksəriyyəti dəyişiklik, qonşu Polşa, Litva və Latviyada olduğu kimi, hüquq və azadlıqlara, seçmə-seçilmə haqqına sahib olmaq istəyir, qarın toxluğunu həyatda başlıca dəyər və amal hesab etmir".