“Azərbaycanda artıq peyvəndləmə prosesi həyata keçirilir. Nəzərə almaq lazımdır ki, hər dövlətin vaksin almaq imkanı yoxdur. Azərbaycan bu prosesdə fəal iştirak edir. Bu, böyük avantajdır”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
E.Nəsirov bildirib ki, peyvəndləmə prosesinin həyata keçirilməsinə baxmayaraq, sosial məsafənin saxlanılması, tibbi maskalardan, dezinfeksiya vasitələrindən istifadə edilməsi aktuallığını qoruyub saxlayır: "Hazırda Azərbaycanda bu xəstəliyə yoluxma faizi aşağı düşüb. Bunun da nəticəsində karantin rejimi mərhələli şəkildə yumşaldılır. Bakı metrosunun fəaliyyətinin bərpa edilməsi məsələsi gündəmdədir. Bilirsiniz ki, metro ən böyük sərnişin daşıyıcı vasitədir. Nəzərə almaq lazımdır ki, yerin altında xəstəliyə yoluxma faizi arta bilər. Amma metro da işləməyəndə sərnişin avtobuslarında sıxlıq yaranır, sosial məsafə qorunmur. Bəzi insanlar əvvəllər metroda da tibbi maskadan istifadə etmək istəmirdilər. Maarifləndirmə nəticəsində ciddi nəticə əldə edilib, artıq hər yerdə maskadan istifadə olunur. İnsanlarla söhbətimdə soruşdum ki, özünüzü necə qoruyursunuz? Bildirdilər ki, maska taxırlar, şübhə qalmasın deyə bəzi hallarda iki maskadan istifadə edirlər. Qeyd edirlər ki, iki maska daha güclü qoruyur. Həkimlərə fikir verin, həm maskadan, həm də şüşə qoruyucudan istifadə edirlər. Satıcılar da bu cür edir. Hər halda ikiqat qorunma daha faydalıdır. Təbii ki, bu, müvəqqəti addımdır. İki maskanın taxılması ilə bağlı fikirlərimi tənqid edənlərə cavab vermək niyyətim yoxdur. Onlar sözün bitib, bilmirlər, nə danışsınlar. Mən dediklərim fakta əsaslanır. İnsan azaddır, bir maska da taxa bilər, iki maska da. Bunun ziyanı yoxdur".