USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Deputat “Azəriqaz”ın müdafiəsinə qalxdı: “Şikayətin əsasında fakt olmalıdır”

12.02.2021 İqtisadiyyat
0 0
Milli Məclisin deputatı Razi Nurullayev “Azəriqaz” İstehsalat Birliyinin müdafiəsinə qalxıb.

"Kommersant.az" deputatın mövqeyini təqdim edir:

“Son günlər mənə “Azəriqaz”la bağlı çoxlu müraciətlər daxil olub. Söhbət yeni sayqacların daha çox pul yazmasından gedir. Söhbət əsnasında öyrəndim ki, bir çox deputatlara, o cümlədən həmkarım Rüfət Quliyevə də analoji sorğular edilib. Hörmətli Rüfət müəllim, dünən açıqlama ilə çıxış edib. Belə qərara gəldik ki, yenidən hər birimiz 15 nəfərlə danışaq və ümumi nəticəni bölüşək. Bunları bölüşmədən qeyd edim ki, mənim “Azəriqaz” rəhbəri hörmətli Ruslan Əliyevlə bir neçə dəfə təmasım olub və bu məsələləri onun nəzərinə çatdırmışam. O mənə bir çox videolar və açıqlamalar göndərib. Bir çox videolarda şikayətçilər qəbul edilir və onların iştirakı ilə sayqaclar yoxlanılır. Belə deyim ki, Ruslan müəllim dövlət qurumları içərisində sorğulara həssas yanaşan vəzifəli şəxslərdən biridir. Bilirsiniz ki, kimliyindən asılı olmayaraq, haqq bildiyimi dilə gətirirəm, amma bu məsələdə vəziyyət fərqlidir.

Qərəzli və birtərəfli olmaq doğru olmaz. Şikayətin əsasında fakt da olmalıdır. Fakt necə ortaya qoyula bilər? Məsələn, deyək ki, siz keçən ilin yanvar ayında smart sayqacla 30 gün üçün məlum bir məbləğ ödəmisiniz. İndi isə 2021-ci ilin yanvar ayında mexaniki sayqacla 30 gün üçün fərqli məbləğ ödəmisiniz. Bu ya çoxdur, ya da azdır. Bu faktlardan biri ola bilər. Mən çox insanla təmas qurmuşam, hörmətli Rüfət müəllimin də köməkçisi 15 nəfərlə eyni məsələni müzakirə edib. Rüfət müəllimin sorğusunda ya şikayətçi olmayıb, ya da sosial şəbəkələrdən belə bir problemi oxuduğunu deyib. Mənim təmas qurduğum adamlar içərisində mənə müqayisəli ödəniş çeki göndərən olmadı. Məndə belə bir fikir yarandı ki, abonentlər smart sayqacla ödəniş edib qaz istifadə edib və ödənişin məbləğindən asılı olaraq 10 gün, 20 gün və ya bir neçə ay istifadə edib. Mexaniki sayqacda isə vaxt məhdudiyyəti yoxdur. Sərfiyyata görə çek yazılır. Onun üçün də ehtimallarımdan biri budur ki, problem məhz qazdan istifadə günlərinin sayındadır.

Əziz vətəndaşlar!

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına nəzarət Dövlət Xidməti var. Siz şikayətlərinizlə bağlı ora da müraciət edə bilərsiniz.

Bir də “Azəriqaz” rəhbərliyindən aldığımız məlumat belədir:

“Azəriqaz” İstehsalat Birliyinin Metrologiya Departamentində dünyanın qabaqcıl texnologiyalarına əsaslanan müasir avadanlıqlar ilə dövlət yoxlanışı icra edilir. Bu yoxlanış prosesi isə Azərbaycan Respublikasının Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələrinin müşahidəsi, Azərbaycan Metrologiya İnstitutunun mütəxəssislərinin nəzarəti altında şəffaf şəkildə həyata keçirilir”.

Bir də "Azəriqaz"ın bu məlumatından istifadə edin.

"Bütün bunları nəzərə alaraq, bir daha qaz sayğacları barədə yanlış fikirləri paylaşanlardan xahiş edirik ki, qarşıdakı həftələrdə (hər həftənin 2 və 4-cü günləri saat 14:00-dan 17:00-dək) davam edəcək “Açıq qapı” günlərinə gəlsinlər. Bu proseslə yaxından tanış olsunlar. Biz “Azəriqaz” İstehsalat Birliyi olaraq müzakirələrə həmişə hazırıq”.

Xahiş edirəm ki, müraciət edən zaman konkret faktları da göndərin. Fakt, sübut və dəlil olmadan bizim də edə biləcəklərimiz çox məhduddur və sübutsuz dövlət orqanını da hədəfə almaq doğru deyil”.

  • Əvvəlki

    Azərbaycanda ucuzlaşan və bahalaşan məhsullar - SİYAHI

Digər xəbərlər