USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Mediaya supermarket, yaxud digər biznes subyekti kimi yanaşa bilmərik” - Deputat

17.02.2021 İqtisadiyyat
0 0
Hazırda Kütləvi İnformasiya Vasitələri (KİV) təşkilati-hüquqi forma baxımından Məhdud Məsuliyyətli Cəmiyyətdir (MMC). Media mənsubları isə, adətən, iddia edirlər ki, bu, internet media orqanlarını müəyyən zamanlarda imtiyazlardan kənarda saxlayır. Bəs media orqanlarına təşkilati-hüquqi forma baxımından fərqli yanaşmanın olması mümkündürmü?

"Kommersant.az" xəbər verir ki, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov mövzu ilə bağlı Pravda.az-a açıqlamasında qeyd edib ki, Kütləvi İnformasiya Vasitələrinin özü də müəyyən mənada gəlir götürməyə hesablanmış qurumlardır.

Deputatın sözlərinə görə, jurnalistikada sərbəst bazar qanunları barədə danışmaq olar bilərik, amma jurnalistika bazar deyil: "Fəaliyyətinin həssaslığını, yaradıcı iş olmasını, o cümlədən geniş kütlələrə xitab və təsir imkanını nəzərə alaraq, KİV və mediaya fərqli və sahəvi yanaşmanın olması vacibdir. Bu mənada, konkret olaraq, KİV-in sosial statusu, vergi məsələləri, fəaliyyətin tənzimlənməsi və s. istiqamətlərdə də onlara xüsusi yanaşmaq lazımdır. Yəni KİV, yaxud mediaya supermarket, yaxud digər biznes subyekti kimi yanaşa bilmərik. Jurnalistikada sərbəst bazar qanunları barədə danışa bilərik, amma jurnalistika bazar deyil".

Milli Məclisin üzvi əlavə edib ki, bu istiqamətdə hüquqi nizamlanmada yeni təkliflərə gəlincə, qanunvericilik canlı orqanizmdir, münasibətlər dəyişdikcə qanunlar da münasibətlərə uyğunlaşır, mütəmadi şəkildə dəyişə bilir: "Yəni qanunvericilik hər zaman müsbət dəyişikliklərə açıqdır. Səhv etmirəmsə, Medianın İnkişafı Agentliyində media ilə bağlı qanun layihəsi hazırlanır. Layihə ilə şəxsən tanış olmasam da, hər-halda Milli Məclisə təqdim olunduqdan sonra, müzakirələrdə əlavə fikir və təkliflərimizi səsləndirəcəyik. Bilirsiniz ki, Parlamentdə xeyli sayda KİV fəaliyyətini yaxşı bilən deputatlarımız var, inanıram ki, mütərəqqi bir nəticə əldə edə biləcəyik. Bundan başqa parlamentin iclasında da səsləndirmişəm, ümumiyyətlə, bu sahədə Məcəllələşdirməyə ehtiyac var, İnformasiya Məcəlləsi qəbul olunmalıdır. Bu, həm yeni informasiya hüquq münasibətlərini, həm də media fəaliyyətində münasibətlərin tənzimində vacib şərtdir".

Hüquqşünas Əkrəm Həsənov bildirib ki, Kütləvi İnformasiya Vasitələri onsuz da kiməsə mənsubdur, o cümlədən Məhdud Məsuliyyətli Cəmiyyətə də (MMC) mənsub olması mümkündür: "Burada hər-hansısa imtiyazdan məhrumolunmanı təsəvvür edə bilmirəm. Ümumiyyətlə, bilmək lazımdır ki, KİV adlı təşkilati-hüquqi forma yoxdur. Bütün təşkilati-hüquqi formalar hüquqi şəxslərə məxsusdur. KİV özü müvafiq təskilati-hüquqi formada yaranan qurumdur, amma ola bilər ki, nə vaxtsa qanunvericiliyə dəyişiklik edilsin, yalnız müvafiq formada olan KİV və onların imtiyazları müəyyənləşdirilsin".