Gələn ildən siqaret və spirtli içkilər bahalaşacaq

30.12.2021 İqtisadiyyat
1 yanvar 2022-ci il tarixindən etibarən Azərbaycanda istehsal olunan içməli spirtin, arağın, tündləşdirilmiş içkilərin və içki materiallarının, likyorun və likyor məmulatlarının, konyak və materiallarının hər litrinə aksiz dərəcəsi 3,2 manatdan 4 manata, tütündən hazırlanan siqaretlər və əvəzedicilərinin 1000 ədədinə 35 manatdan 38,5 manata, qızdırılma nəticəsində istehlak edilən tütün və tütün məhsullarının 1000 ədədinə 12,9 manatdan 14 manata qaldırılır.

Həmçinin, növbəti ildən qəlyan üçün tütün əvəzləyiciləri, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzediciləri aksizli malların siyahısına daxil edilib.

Aksizli malların siyahısına əlavə edilmiş qəlyan üçün tütün əvəzləyicilərinin hər kiloqramına 30 manat, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədinə isə 0,25 manat aksiz dərəcəsi tətbiq ediləcək.

Dəyişikliklər aksiz dərəcələri artırılan və aksizli mallar siyahısına əlavə edilən məhsulların qiymətinə necə təsir edəcək?

Bundan əvvəl aksiz dərəcələri artırılmış müvafiq məhsulların qiymətlərində müəyyən qədər dəyişikliklər hiss olundu. Növbəti ildən etibarən adı çəkilən məhsulların da qiymətlərində artımın müşahidə olunması gözlənilir.

“Bundan əvvəl də aksiz dərəcələrində müəyyən dəyişikliklər edildikdə nəticəni qiymətlərdə müşahidə etdik. Son dəyişikliyə əsasən, bir qutu siqaret üzrə aksiz dərəcəsi 7 qəpik təşkil artırılacaq. Bununla da satışda hər siqaret qutusu üzrə 10-20 qəpik civarında artım gözləyə bilərik”, - bu barədə iqtisadi araşdırmaçı Seymur İbadov məlumat verib.

Onun sözlərinə görə, eynilə qızdırılma nəticəsində istehlak edilən tütün və tütün məhsullarına da aksiz dərəcəsinin təyin edilməsi qiymətlərdə müvafiq dəyişikliyə səbəb olacaq.

İqtisadçı əlavə edib ki, spirtli içkilərin, arağın, tündləşdirilmiş içkilərin və içki materiallarının, likyorun və likyor məmulatlarının, eləcə də konyak və konyak materiallarının qiymətində faiz nisbətində markadan asılı olaraq qiymətlərdə dəyişikliyi hiss edə bilərik:

“Dəyişikliyə əsasən, bu məhsullar üzrə aksiz dərəcəsi 3,2 manatdan 4 manata qaldırılır. Yəni, tündləşdirilmiş içkilər, konyak və s. üçün aksiz vergisində artım hər litrə 80 qəpik olacaq. Bu isə aksiz dərəcəsində 25 faizə qədər artım deməkdir. Nəticədə markadan asılı olaraq biz 5-10 faiz arasında qiymət dəyişikliklərini gözləyə bilərik”.

O qeyd edir ki, ümumilikdə aksiz dərəcəsi artırılan məhsulların tərkibində insan səhhəti üçün ziyanlı maddələr mövcuddur və müxtəlif post sovet ölkələrində, inkişaf etmiş ölkələrdə bu məhsullar üçün tətbiq edilən aksiz vergiləri qat-qat yuxarıdır:

“Bu cür artımlar həm dövlət büdcəsində müsbət yığımlara səbəb olur, həm də insanların sağlamlığı üçün onların pis vərdişlərdən çəkinmələrinə təşviq edir”.

Qeyd edək ki, müvafiq layihələr Milli Məclisdə müzakirə çıxarılaraq qəbul edilib.

  • Əvvəlki

    Dövlətə məxsus hüquqi şəxslərin daxili və xarici borcalma qaydasında dəyişiklik edilib

Digər xəbərlər

12.08.2022 İqtisadiyyat
Benzin və dizellə bağlı - MÜHÜM XƏBƏR
0 0
12.08.2022 İqtisadiyyat
Qazın qiyməti niyə bahalaşdı?
0 0
12.08.2022 İqtisadiyyat
Rayonlarda un qıtlığına səbəb nədir?
0 0