Dünyanın ən böyük ikinci geyim şəbəkəsi İsveçin "Hennes & Mauritz" (H&M) şirkətinin ehtiyatları (stokları) 4 milyard dollara çıxıb. Şirkət yeni qiymət endirimləri edəcək.
"Kommersant" xəbər verir ki, H&M, dünya miqyasında əlində qalan və illərdir yığılan paltar ehtiyatının 4 milyard dollara çatdığını açıqlayıb
Bu, H&M-in satış problemlərinin davam etdiyini göstərir, əvvəlki illə müqayisədə ehtiyatlar 13 faiz artmışdır.
Satışların gözləntiləri qarşılamaması səbəbindən toplanan ehtiyatlar 2018-in ilk yarısında şirkətin mənfəətini 28% azaldıb.
4700-dən çox mağazası olan H&M, uzun müddətdir ehtiyat artımını dayandırmağa çalışır. Sürətlə dəyişən moda trendləri və istehlakçıların alternativ markalara yönəlməsi H&M-ə ehtiyatlarını "əritməyi" çətinləşdirir.
Şirkətin son analitik iclasında verilən məlumata görə, anbarlarda yığılmış geyimləri azaltmaq üçün qiymət endirimləri planlaşdırılır.