Ölkədə valyuta əməliyyatlarına nəzarət gücləndirilir. Belə ki, yaxın gələcəkdə “Valyuta tənzimi haqqında” Qanunda dəyişiklik edilməsi nəzərdə tutulur. Məsələ bir neçə gün əvvəl Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılıb. Komitə sədri Tahir Mirkişilinin sözlərinə görə, layihə valyuta əməliyyatları üzrə nəzarətin effektivliyini artırmaq məqsədi daşıyır. Dəyişiklik özündə valyuta əməliyyatları ilə bağlı vahid məlumat bazasının formalaşdırılmasını və həmin bazadan istifadənin hüquqi əsaslarını ehtiva edir.
Beləliklə, vahid informasiya sistemində rezidentlərin və qeyri-rezidentlərin valyuta əməliyyatları barədə məlumatlar toplanacaq. Həmçinin valyuta nəzarəti agentləri (banklar və valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər) apardıqları valyuta əməliyyatları barədə məlumatları bu informasiya sisteminə daxil edəcək və valyuta nəzarəti məqsədləri üçün həmin sistemdən istifadə edəcəklər.
Məsələni şərh edən iqtisad üzrə fəlsəfə doktoru Elçin Süleymanov qeyd edib ki, bu dəyişiklik daha əvvəl qeyri-rəsmi də olsa, tətbiq edilən prosesin rəsmiləşməsidir:
“Çünki onsuz, hazırda da bankdan 500 dollar və ya avrodan yuxarı məbləğdə vəsait almaq istəyərkən şəxsiyyət vəsiqəsi və şəxsin valyuta almaq üçün təqdim etdiyi pulun mənbəyi soruşulur. Sadəcə olaraq, bu, mərkəzləşmiş bir sistem deyil və hazırda tətbiqin rəsmi olmasına çalışılır. Buna bənzər tətbiq, demək olar ki, bir çox ölkədə var. Düşünürəm ki, bu, ölkədəki valyuta həcminə nəzarət məqsədi daşıyır və valyutanın dəyərinin stabil olmasına kömək edən bir tətbiqdir. Ona görə də ajiotaja, ciddi narahatlığa əsas yoxdur. Bu yolla valyutanın alışı üçün təqdim olunan manatın mənbəyi öyrənilir. Ancaq əvvəldə də dediyim kimi, zatən alqı-satqı şəxsiyyət vəsiqəsi ilə olduğuna görə vahid bazada şəxsin təqdim etdiyi vəsaitin və aldığı valyutanın həcmi toplanır. Həmçinin bir il ərzində şəxsin xaricə göndərəcəyi valyuta həcmi aylıq olaraq tənzimlənir”.
Ekspert hesab edir ki, qanun qüvvəyə mindikdən sonra hazırkı vəziyyətdən ciddi bir fərqlilik olmayacaq:
“Xüsusilə devalvasiyadan sonra valyuta satışına müəyyən bir limitin tətbiqi başadüşülən idi. Bunu tətbiq etdikdən sonra ajiotaj da kifayət qədər azaldı. Eyni zamanda dolların məzənnəsi sabit qaldı. Onu da qeyd edim ki, Azərbaycanın valyuta rezervi əvvəlki illərə görə kifayət qədər yaxşılaşıb. Artıq Mərkəzi Bankın valyuta rezervi yeddi milyard dolları aşıb. Eyni zamanda Dövlət Neft Fondunda da 45 milyard dollara yaxın vəsaitin olması və Neft Fondunun büdcə ödənişinin valyuta şəklində hərraca təqdim edilib manat şəklində ödənilməsi prosesi kifayət qədər valyuta tələbini qarşılayır. Yəni son illərdə elə bir hərrac olmayıb ki, valyuta tələbi təklifi aşsın. Mərkəzi Bankın valyuta hərracında tələb qarşılanıb”.
İqtisadçı diqqətə çatdırıb ki, Azərbaycan hazırda hər il valyuta rezervini yaxşılaşdıracaq iqtisadi gücə sahibdir:
“Gələn il iqtisadiyyatda inkişaf, ixracın, xüsusilə də kənd təsərrüfatı ixracının artması proqnozlaşdırılır. Ərzaq qiymətlərinin qalxması fonunda yerli istehsalın artırılması hədəflənir. Yerli istehsal nə qədər artarsa, xaricdən ərzaq idxalı o qədər azalacaq. Dolayısı ilə ona ödənəcək valyuta azalacaq”.
Elçin Süleymanov bildirib ki, bu qanun sırf inzibati xarakter daşıyır:
“Buna paralel, insanların gəlir deklarasiyası verməsi haqqında qanunvericilikdə dəyişiklik nəzərdə tutulur. Eyni zamanda böyük həcmdə pulların leqallaşmasına və qeyri-qanuni gizli iqtisadiyyatın aradan qaldırılmasına müəyyən qədər nəzarət edilməsinə yönəlik qanunvericilikdə dəyişikliklər nəzərdə tutulur. Ona görə də düşünürəm ki, hazırda tətbiq edilməsi düşünülən dəyişiklik maliyyə yox, tənzimləmə məqsədlidir. Yəni valyuta qıtlığından qaynaqlanmır, sadəcə, qeyri-qanuni gəlirlərin aşkara çıxarılması və ya valyuta bazarında spekulyativ addımların atılmasını əngəlləmək məqsədi daşıyır”.