USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycandan elektrik enerjisinin tədarükü Avropanın enerji müstəqilliyinə töhfə verəcək

22.12.2022 İqtisadiyyat
0 0
Azərbaycandan elektrik enerjisinin tədarükü Avropanın enerji müstəqilliyinə töhfə verəcək.

Bu barədə Rumıniyanın “SMARTLINK COMMUNICATIONS” konsaltinq şirkətinin baş direktoru, qlobal analitik, məsləhətçi və tədqiqatçı Radu Maqdin deyib.

Onun sözlərinə görə, dekabrın 17-də Buxarestdə imzalanmış “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” Rumıniyanın da Gürcüstan, Macarıstan və digər Avropa ölkələri üçün tranzit ölkəyə çevrilə biləcəyini nəzərdə tutur. Bu yolla Rumıniya daha geniş regionda enerji təhlükəsizliyində mühüm rol oynaya bilər.

“Bu, Avropanın alternativ enerji mənbələrinə sərmayə qoyduğuna dair aydın siqnal göndərən kifayət qədər iddialı layihədir. Təxminən 1200 km-lik kabel rəqabət qabiliyyətini artırmaq və cəlbedici qiymətləri təmin etmək, enerji resursları üzərində son vaxtlara qədər hökm sürən siyasi inhisarı azaltmaq üçün əlverişli alternativdir. Rumıniya Prezidenti Klaus İohannis layihəni “vacib” və “iddialı” adlandırıb və mən bununla tam razıyam. Bu layihə Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və Qara dəniz regionunda, onun hüdudlarından kənarda əməkdaşlığın qurulmasında mühüm addımdır”, - deyə Maqdin qeyd edib.

O əlavə edib ki, Rumıniya artıq regionda “yaşıl enerji”nin əsas istehsalçısıdır, lakin ölkə bu sahədə, o cümlədən, nüvə enerjisinin inkişafı sahəsində iddialı layihələr üzərində işləməyə davam edir.

“Yaşıl enerji”, şübhəsiz ki, Rumıniya ilə əməkdaşlıq üçün bir fürsət sahəsidir. Rumıniya təkcə daxili istehlak üçün deyil, həm də Moldova Respublikası kimi digər ölkələrə sabit ixrac üçün bu cür resurslarda çox maraqlıdır”, - deyə o bildirib.