USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tarif Şurası işlək qurum deyil - İlham Şaban

17.03.2023 İqtisadiyyat
17 4
“Türkiyə və Gürcastanda neft məhsulları bazarı inhisarda deyil. Yəni, burada qiymət dövlət tərəfindən deyil, birbaşa bazar tərəfindən tənzimlənir”.

Kommersant.az xəbər verir ki, bu sözləri neft-qaz məsələləri üzrə ekspert İlham Şaban Türkiyədə dizel qiymətlərinin ucuzlaşması, Azərbaycanda dizelin qiymətlərini şərh edərkən deyib.

Ekspert qeyd edib ki, Azərbaycan müstəqillik əldə edəndən sonra neft məhsulları bazarı dövlət tərəfindən tənzimlənir:

“Burada söhbət birbaşa yanacaq bazarından gedir. Bu baxımdan da qonşu ölkələrdə baş verənlər, dünya bazarında neftin qiymətinin artımı, azalması halları ilə qiymətin dəyişməsi Azərbaycanda müşahidə edilmir”.

Bəs yaxın aylarda dizelin qiymətinin dəyişməsi ilə bağlı hansısa bir proqnoz vermək olarmı sualına İlham Şaban cavab olaraq bildirib ki, indiyənə qədər heç zaman hətta bir gün öncə belə neft məhsulları, yanacağın qiymətinin proqnoz edilməsini müşahidə etməyib:

“Çünki məntiq əsasında nəyisə gözləmək, nəyisə proqnozlaşdırmaq Azərbaycan bazarında mümkün olmur. Bu qiymətlərə Tarif Şurası müəyyən edir. Onlar da ən yaxşı halda qiymətləri gecə saat 9-dan sonra elan edirlər”.

İlham Şaban onu da qeyd edib ki, Tarif Şurası işlək qurum deyil. İnsanlar faktiki olaraq onların verdiyi qərarlara inanmırlar. Çünki cəmiyyəti inandıra bilmirlər:

“Məsələn, burada xaricdə, bazar iqtisadiyyatı olan ölkələr kimi orada özünün ekspert qrupu, rəhbərliyi, işçi qrupu yoxdur ki, bunlar bazarı monitorinq etsinlər, görsünlər ki, onlara bazar iştirakçılarından şikayət daxil olurmu və s. Bunların əsasında təhlillər aparıb qərar qəbul etsinlər ki, indi qiyməti dəyişmək zamanıdır ya yox”.