USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Naftalana gələn xarici turistlərin sayında 34 faiz artım var

14.07.2018 İqtisadiyyat
0 0
2018-ci ilin ötən dövrü kurort şəhəri olan Naftalan üçün uğurlu, yaddaqalan olub, sosial-iqtisadi sahədə bir sıra nailiyyətlər əldə edilib və mühüm əhəmiyyətə malik sosial obyektlər istifadəyə verilib.

Naftalan şəhərində 2018-ci ilin birinci yarısında ümumi məhsul buraxılışı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,6 faiz artaraq 8 milyon 832,2 min manat, iqtisadiyyatın aparıcı sahəsi olan sənaye məhsulu xidmətlərinin həcmi 3,8 faiz artaraq 1 milyon 96,8 min manat təşkil edib. Ümumi məhsul buraxılışının həcmində kənd təsərrüfatı məhsulunun payı 214 min manat, tikinti işləri isə 13,7 faiz artaraq 5 milyon 802 min manat təşkil edib.
"Kommersant"ın xəbərinə görə, AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə 2018-ci ilin birinci yarısında Naftalan şəhərinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat iclasında şəhər icra hakimiyyətinin başçısı Rövşən İbrahimov hesabat məruzəsi ilə çıxış edərək məlumat verib.
Şəhərdə aparılan abadlıq-quruculuq və tikinti işlərindən danışan Rövşən İbrahimov deyib ki, hesabat dövründə yenidən qurulan 10 mərtəbəli Naftalan mehmanxanasında tikinti işləri davam etdirilir. Burada 30 nəfər müvəqqəti işlə təmin edilib. Bina istifadəyə verildikdən sonra 55 nəfər daimi işlə təmin ediləcək.
Naftalan nefti əsasında müalicə olunmaq istəyən turistlərin, eləcə də səhhətində müəyyən problemlər olan insanların sayının çoxluğu nəzərə alınaraq şəhərdə daha bir müalicə mərkəzi inşa olunaraq cari ilin yay mövsümündə istifadəyə verilib. Ümumi sahəsi 300 kvadratmetrə yaxın olan yeni müalicə mərkəzi 2 mərtəbədən, 12 otaqdan ibarətdir. Burada 15 nəfər daimi işlə təmin olunub.
Şəhərdə işsizliyin həlli istiqamətində görülmüş işlərdən danışan icra hakimiyyətinin başçısı deyib ki, Prezident İlham Əliyevin yeni iş yerlərinin açılması ilə bağlı göstərişi əsasında dövlət qurumları tərəfindən verilən vakansiyalar əsasında Naftalanda 226 nəfər işlə təmin olunub. Həmçinin şəhər sakinlərindən 15 nəfəri çoxmənzilli yaşayış binalarının təmiri üzrə qeyri-daimi işlərə cəlb edilib. Şəhərdə aparılan abadlıq və təmizlik işləri üzrə isə 150 müvəqqəti yeni iş yeri yaradılıb.
Məşğulluq Mərkəzinə müraciət edən 406 nəfər işaxtarandan 211 nəfəri işlə təmin olunub ki, onlardan 81 nəfəri qadınlardır.
Vurğulanıb ki, Naftalan şəhəri üzrə məktəbəqədər yaşlı uşaqların sayının çox, yalnız 280 nəfər uşağın isə bağçaya cəlb olunma imkanı olduğunu nəzərə alaraq Prezident İlham Əliyev Naftalana səfərindən sonra yeni 200 yerlik məktəbəqədər təhsil müəssisəsinin tikintisi məqsədilə müvafiq sərəncam imzalayıb. Hazırda körpələr evi-uşaq bağçasının inşası üçün layihə smeta sənədlərinin hazırlanması işləri aparılır.
Hesabat dövründə Prezident İlham Əliyevin iştirakı ilə yeni 60 çarpayılıq şəhər xəstəxanasının açılışı olub.
Hazırda Naftalan sakinlərinin asudə vaxtlarının səmərəli keçməsi üçün şəhərin Səməd Vurğun parkında təmir işlərinə başlanılıb. Ümumilikdə şəhər əhalisinin və turistlərin daha rahat istirahəti üçün gələcəkdə də mərhələli şəkildə şəhərin digər parklarında əsaslı təmir işlərinin aparılacağı haqqında məlumat verilib.
Hazırda Yeni Avtovağzal otel kompleksində də tikinti işləri davam etdirilir.
“Bu gün Naftalan həm nadir müalicəvi neftinə, həm də müalicə və istirahət üçün yaradılan müasir infrastrukturuna görə turistlər üçün cəlbedici məkana çevrilib. Məhz bunun nəticəsidir ki, ildən-ilə burada dincələn və müalicə olunan turistlərin sayı artır. Cari ilin 6 ayında Naftalan şəhərinin müalicə və istirahət mərkəzləri 12 mindən çox turist qəbul edib. Ötən hesabat ilinin müvafiq dövrü ilə müqayisədə bu rəqəm 26,5 faiz çoxdur. Bunlardan 5 min 381 nəfəri xarici turist olub. Xarici ölkələrdən gələnlərin sayında 2017-ci ilin 6 ayı ilə müqayisədə 34 faiz artım müşahidə edilib. Bu dövrdə daha çox Rusiya, Qazaxıstan, Özbəkistan, Türkiyə və Ukraynadan olan turistlər istirahət edib, yaxud müalicə alıblar”, – deyə R.İbrahimov qeyd edib.
Sonda şəhərin sosial-iqtisadi inkişafı ilə əlaqədar 2018-ci ilin birinci yarısında görülmüş işlər və qarşıda duran vəzifələrə dair Naftalan Şəhər Təhsil Şöbəsinin müdiri əvəzi Rəna Dəmirova və “Garabag Resort & Spa” otelinin baş həkimi Dilbər Kazımovanın məruzəsi dinlənilib və bu ilin sonunadək görüləcək işlər müzakirə edilib.

  • Əvvəlki

    Ölkəmizdə malyariya xəstəliyinin aradan qaldırılmasına nail olunub

Digər xəbərlər