USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İtkiyə gedən suyun qarşısını necə almaq olar? - TƏKLİF

26.07.2023 İqtisadiyyat
58 37
“Azərbaycanda itkiyə gedən su 40, bəzən 50-60 faizə çata bilir. Bu itki isə çox böyükdür”.

Kommersant.az xəbər verir ki, bu sözləri ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin itkiyə gedən su ilə bağlı açıqladığı statistikanı şərh edərkən deyib.

Ekspert deyir ki, bu itkinin qarşısını almaq üçün birinci itkinin səbəblərini araşdırmaq lazımdır. Bunun isə bir neçə səbəbi var:

“Birincisi köhnə torpaq kanalda xeyli miqdarda su itkiyə gedir. Məsələn, Qarabağ, Şirvan kanalı kimi böyük kanallar, digər paylayıcı kanallar hamısı torpaq kanallardı. Burada xeyli miqdarda su itkiyə gedir. Bu kanallar betonlaşdırılmalıdır, lakin betonlaşdırılmalıdır demək asandır, ancaq iş prosesinin necə gedəcəyi problemdi. Çünki bu kanallar betonlıaşdırılmadan əvvəl həmin kanalların fəaliyyəti dayandırılmalıdır.

Bu isə indiki halda mümkün deyil. Çünki kanalların fəaliyyətinin dayandırılması Azərbaycanda 20-30-dan çox rayonun susuz qalması deməkdir.

İkinci səbəb isə köhnə suvarma metodlarını yeni, müasir suvarma metodları ilə əvəz etmək lazımdır. İndiki suvarma metodları 2000 il bundan əvvəlkindən fərqlənmir. Buna görə də indi dövlət tərəfindən müxtəlif proqramlar, təşəbbüslər irəli sürülür ki, fermerlər tədricən müasir suvarma texnologiyalarına keçid etsin.

Bunlara damcı suvarma, pilot mərkəzdən idarə olunan çiləmə suvarma metodu aiddir. Bunlar bir qədər bahadır, bəzən bizim fermerlərin imkanı olmur bu yeni texnologiyaları almağa. Ona görə də dövlət tərəfindən müəyyən subsidiyalar, güzəştlər nəzərdə tutulur. Əgər bu dəyişmələr baş verərsə, itkiyə gedən suyun qarşısı alına bilər.”.

Rövşən Abbasov deyir ki, burada digər məsələ fermer məsuliyyətinin yaradılmasıdır:

“Suvarma suyu ucuz olduğu üçün fermerlər suya qənaət etməkdə maraqlı deyillər.

Hesab edirəm ki, çətində olsa suvarma suyu şəbəkələri sayğaclaşdırılmalıdır. Fermerlər istifadə etdiyi suyun ödənişini etməlidirlər. Bu zaman onlarda təşəbbüs, maraq yaranacaq ki, suya qənaət etsinlər. Bu da itkilərin qarşısının alınmasında böyük rol oynaya bilər”.

Qeyd edək ki, Bu ilin yanvar-iyun aylarında Azərbaycanda su mənbələrindən 4,9 milyard kubmetr su götürülüb, bundan əkin sahələrinə 3,6 milyard kubmetr suyun verilməsi təmin edilib.

Bu barədə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-dən bildirilib. Beləliklə, götürülən suyun 1,3 milyard kubmetri və ya 26,5%-i itkiyə gedib.