USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Harada və neçəyə istirahət etmək olar? - VİDEO AÇIQLAMA

18.07.2018 İqtisadiyyat
0 0
"Tələbat əsasən Türkiyə istiqamətinədir, turların ən sərfəlisi isə Alanya və Kəmərədir".

İstirahətə üstünlük verənlər dincəlmək üçün münasib yerlər axtarırlar. Kimi ölkə daxilində - bölgələrdə istirahət edir, kimisi də xarici ölkələrə üz tutur.

"Kommersant"ın bu dəfəki video araşdırması məhz istirahət məqsədi ilə xarici ölkələrə səfər edən azərbaycanlılarla bağlıdır.

Azərbaycanlılar turist kimi hara gedir?

"Tələbat əsasən Türkiyə istiqamətindədir, turların ən sərfəlisi isə Alanya və Kəmərədir".

Redaksiyamıza açıqlamasında bunu "Amore Travel"ın təsisçisi və rəhbəri Aynur Hüseynova bildirib.

Onun sözlərinə görə, əhali istirahətini Antalya, Bodrum, Quş adası, Marmarisdə keçirməyə üstünlük verir:

"Həmin istiqamətlərdə 2 nəfərin 1 həftəlik istirahəti 1600-1700 manata başa gəlir. Qiymətə aviabilet, hotel, 5 dəfə yemək, transfer, sığorta, hava limanında qarşılama və yolasalma daxildir. Qiymətlər tur paket şəklində daha sərfəlidir. Qaynar turlar olduqda Tbilisidən Türkiyə istiqamətinə 300 dollara turlar olur".

Agentliyin CEO-su bildirib ki, Misirin Şarm-Əl-Şeyx və Hurqada şəhərlərində istirahət etmək istəyənlərin də sayı kifayət qədərdir:

"Həmin şəhərlərə təşkil edilən turların qiyməti Türkiyə ilə müqayisədə nisbətən ucuzdur. Belə ki, 1 nəfərin 4 ulduzlu hoteldə 6 gecə 7 günlük istirahəti 450 dollara başa gəlir (hər şey daxil). Misirə uçuşlar sırf Tbilisidəndir. Viza isə Şarm-Əl-Şeyx hava limanının girişində vurulur".

A.Hüseynova, eyni zamanda qeyd edib ki, "Amore Travel" Avropa istiqamətində Milan, Paris, Budapeşt, Frankfurt və Berlinə birbaşa uçuşlar təşkil edir:

"Avropaya səyahət etmək istəyənlərin sayı azdır. Uçuşların qiyməti baha olduğundan tranzit uçuşlar, turlar təşkil edilir. Məsələn, 450 avroya Praqa turu, 650 avroya Amsterdam turu. Tura sırf aviabilet, hoteldə gecələmə, səfər sığortası, transfer daxildir (4 gecə 5 gün, 3 gecə 4 gün). Günlərin sayı artdıqca qiymətlər də artır".

Şirkət rəhbərinin sözlərinə görə, Rusiyaya tur paket istəyənlər yoxdur:

"Azərbaycanlılar ora qohum, dost yanında qalmağa gedirlər deyə paket sifarişi demək olar ki, olmur. Moskva və Sankt-Peterburqa əsasən bilet tələbatı böyükdür".

A.Hüseynova vurğulayıb ki, ABŞ vizası ilə bağlı çətinlik insanları ora səyahətdən uzaqlaşdırır. Sırf bal ayı üçün nəzərdə tutulan İndoneziya (Bali) və Maldiv adalarına isə tələbat yüksəkdir:

"Həmin zonalara birbaşa reys olmadığından uçuşlar "Qatar Airways", "Emirates Airline" vasitəsilə həyata keçirilir. Adı çəkilən şirkətlərdə tariflər yüksək olduğundan biletlər 1800-2000 manata başa gəlir. Tur paketlər isə 3000-4000 dollardır. Qiymət, günlərin sayından və hoteldən asılı olaraq dəyişir. Müştərilər, əsasən, 5 ulduzlu hotellərə üstünlük verirlər (4000-5000 dollar). Qiymətə isə 1 həftəlik qidalanma, gün ərzində 3-5 dəfə yemək (içkilərlə birlikdə), aviabilet, səfər sığortası daxildir.

Adalara getmək istəyən 2 növ transportun xidmətindən istifadə edə bilər - gəmi, helikopter . Gəmi ilə getmək 2 saat (adambaşına 290-300 dollar), helikopterlə isə 40 dəqiqə (585 dollar) vaxt alır".

  • Əvvəlki

    I və IV qruplar üzrə keçirilən qəbul imtahanı başa çatıb

Digər xəbərlər