“SOCAR Polymer” zavodunun inşası layihə maliyyələşdirilməsi ilə həyata keçirilib

18.07.2018 İqtisadiyyat
“SOCAR Polymer” zavodunun inşası ölkədə ilk dəfə layihə maliyyələşdirilməsi çərçivəsində həyata keçirilib.

"Kommersant" AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri SOCAR-ın prezidenti Rövnəq Abdullayev iyulun 18-də Prezident İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkının ərazisində “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılış mərasimində deyib.
Müəssisənin tikintisinin yüksək səviyyədə aparıldığını vurğulayan SOCAR-ın prezidenti deyib: “SOCAR-ın emal zavodları vahid iqtisadi dəyər zəncirində bir-biri ilə sıx bağlıdır. Heydər Əliyev adına neft emalı zavodu, “Azərikimya” İstehsalat Birliyinin Sumqayıtdakı etilen-polietilen zavodu və “SOCAR Polymer” zavodunun bu istehsal prosesində inteqrasiyası nəzərdə tutulur. Bu istehsal zəncirinin genişləndirilməsi kompleksə daxil olan müəssisələrin işini daha da səmərəli edəcək. Tikintinin pik vaxtında burada 3 min nəfərədək işçi çalışıb. İstismar zamanı isə zavodda 500 nəfər daimi işlə təmin olunacaq. Bu cür layihələrin iqtisadiyyatda xüsusi multiplikativ təsir yaratdığını nəzərə alsaq, deyə bilərik ki, aparılan işlər çox sayda kiçik və orta miqyaslı istehsalat müəssisələrinin, minlərlə yeni iş yerinin açılmasına səbəb olacaq. “SOCAR Polymer” zavodunun inşası ölkəmizdə ilk dəfə layihə maliyyələşdirilməsi çərçivəsində həyata keçirilib”.
“Maire Tecnimont” həyata keçirdiyimiz birgə layihələrdə özünü etibarlı tərəfdaş kimi təsdiq edib. Aparılan əməliyyatlarda nümayiş etdirdiyi yüksək peşəkarlıq və işgüzarlığı nəzərə alınaraq, “Maire Tecnimont”a Heydər Əliyev adına neft emalı zavodunda aparılan modernləşdirmə işləri çərçivəsində tikiləcək 14 yeni qurğunun baş EPC Podratçılığı həvalə olunub. “SOCAR Polymer”in əsas xammal təminatçısı olan “Azərikimya”nın yenidənqurma layihəsində də baş EPC Podratçısı - İtaliya şirkəti “Technip İtaly”dır. Əminəm ki, İtaliya şirkətləri ilə əməkdaşlığımız bundan sonra daha da genişlənəcək”, - deyə R.Abdullayev qeyd edib.

  • Əvvəlki

    SOCAR-ın yanacaqdoldurma məntəqələrində LPG satışı bərpa edilib

Digər xəbərlər