Yeni açıqlanan ACEA məlumatlarına görə, ABŞ-ın elektrik avtomobil istehsalçısı Teslanın Avropa bazarındakı satışları azalsa da, Çinin elektrik avtomobil istehsalçısı BYD artımını davam etdirib. Bu nəticələr göstərir ki, hazırda dünyanın ən böyük elektrik avtomobil istehsalçısı Tesla deyil, BYD-dir.
Elon Mask tərəfindən qurulan dünyanın aparıcı elektrik avtomobil istehsalçısı olan Tesla şirkətinin Avropadakı satışları əhəmiyyətli dərəcədə azalıb. Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) məlumatına görə, şirkətin yeni avtomobil qeydiyyatı dekabr ayında illik müqayisədə 20 faiz azalaraq 35.280 ədədə düşüb. Ümumilikdə il ərzində azalma 27 faizə çatıb və ümumilikdə 238.656 qeydiyyat olub.
"The Wall Street Journal" qəzeti bildirib ki, Maskın Tramp administrasiyası ilə münasibətlərinin yaratdığı mənfi qavrayış da Teslanın göstəricilərinin azalmasına səbəb olub.
Əksinə, yeni açıqlanan ACEA məlumatlarına görə, Çin avtomobil nəhəngi BYD Avropada güclü artım göstərib. Şirkətin avtomobil qeydiyyatı dekabr ayında üç dəfədən çox artaraq 27.678 ədədə çatıb. Ümumilikdə il ərzində BYD-nin Avropadakı qeydiyyatı 187.657 ədədə çatıb və bu da Tesla ilə fərqi əhəmiyyətli dərəcədə azaldıb.
Tesla-nın zəifləmə göstəricisi yalnız Avropa ilə məhdudlaşmayıb. Şirkətin qlobal satışları 2025-ci ildə ümumilikdə 9 faiz, dördüncü rübdə isə 16 faiz azalıb. Bu azalma ilə Tesla dünyanın ən böyük elektrik avtomobili istehsalçısı titulunu BYD-yə itirib.