Balakənli fermerlər yetişdirdikləri yaşıl tütünü artıq öz məntəqələrində qurudurlar

13.08.2018 İqtisadiyyat
Prezident İlham Əliyevin sədrliyi ilə 2017-ci il avqustun 4-də Qaxda keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində dövlətimizin başçısının tütünqurutma kameralarının sayının artırılması ilə bağlı verdiyi tapşırığın icrası çərçivəsində, Balakən rayonunun Hənifə kəndində yeni yaradılan tütün istehsalı və emalı məntəqəsi artıq iyirmi günə yaxındır ki, fermerlərdən qurutmaq üçün yaşıl tütün qəbul edir. Bu müddət ərzində balakənli fermerlər məntəqəyə 439 ton “Virciniya” növlü yaşıl tütün kütləsi təhvil veriblər.

"Kommersant.az"ın xəbərinə görə, emal məntəqəsinin müdiri Şadnus Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ümumi istehsal gücü 540 ton olan məntəqədə 60 ədəd tütünqurutma kamerasının quraşdırılması nəzərdə tutulub. Bu kameralardan 45-i artıq quraşdırılaraq istifadəyə verilib. Hazırda həmin kameralara qurudulmaq üçün yaşıl tütün qoyulub. Artıq bu kameralarda 19 tondan çox quru tütün də istehsal edilib. Qalan 15 kamerada isə quraşdırma işləri yekunlaşmaq üzrədir. Yaxın günlərdə onlar da istifadəyə veriləcək.
Tütünqurutma kameralarının quraşdırılması balakənli fermerlərin işini xeyli asanlaşdırıb. Artıq onlar yetişdirdikləri yaşıl tütün kütləsini qurutmaq üçün uzun məsafə qət edərək qonşu rayonlarda fəaliyyət göstərən emal məntəqələrinə aparmaq məcburiyyətində qalmırlar. Bu isə, öz növbəsində, vaxt itkisinin və əlavə xərclərin qarşısını alır, məhsulun keyfiyyətinin aşağı düşməsinə səbəb olmur.
Şadnus Məmmədovun sözlərinə görə, rayonun Meşəşambul kəndindən olan fermer Heybullah Nəbiyev indiyədək məntəqəyə 25,3 ton, Talalar kəndindən İmran Cumayev 21,5 ton, Hənifə kəndindən fermer Rəsul Məmmədzadə 19,7 ton yaşıl tütün kütləsi təhvil veriblər.