USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neft "ədalətli qiymət"ə satılacaq - EKSPERT

21.09.2018 İqtisadiyyat
0 0
Xəbər verdiyimiz kimi, ABŞ prezidenti Donald Tramp OPEC-dən OPEC+in Monitorinq Komitəsinin Əlcəzairdə keçiriləcək iclası ərəfəsində neftin qiymətini azaltmağı tələb edib.

"Kommersant.az"ın məlumatına görə, OPEC+in Monitorinq Komitəsinin iclası sentyabrın 23-də keçiriləcək.

Trampın OPEC-dən tələbi neftin ucuzlaşmasına səbəb ola bilərmi?

Məsələ ilə bağlı redaksiyamıza açıqlama verən neft-qaz sahəsi üzrə ekspert İlham Şaban bildirib ki, OPEK-in qərarları xüsusilə 2016-cı ilin sonundan etibarən bazara kifayət qədər təsir edir:

"OPEC+in Monitorinq Komitəsi neft hasilatının 1 milyon barel artırılması ilə bağlı təkliflə çıxış edəcək. Kvotaların dəqiqləşdirilməsi məsələsi gündəmə gələcək. Neftin qiyməti hazırda ədalətli qiymətdən yüksəkdir. Qiymətin ədalətli qiymət həddinə (65-70 dollar) endirilməsi istiqamətində addım atılacaq. Ona görə də neftin ucuzlaşmasını müşahidə etmək olar".

Ekspert qeyd edib ki, hazırda bazarda kifayət qədər neft var:

"OPEK siyasi baxışlar baxımından yekdil təşkilat deyil. İstər 60-cı illərdə, istərsə də sonrakı dövrlərdə Ərəb ölkələri, İran və Yaxın Şərq ölkələri arasında həmişə ziddiyyətli fikirlər olub. Reallıq ondan ibarətdir ki, bazar hər şeyi özü tənzimləyir. Yəni, əgər bazarda kifayət qədər neft varsa, ona adekvat da qiymət olur. Beynəlxalq Enerji Agentliyinin son hesabatına əsasən, ilk dəfə olaraq gündəlik hasilat 100 milyon barelə çatıb (sırf hasilat)".

İ.Şaban vurğulayıb ki, bazarda neftin qiymətini süni şəkildə artıran amillər var:

"Bu amillər sırasına OPEK-in hasilatla bağlı ilk beşliyində yer tutan İrana qarşı sanksiyalar, Yaxın Şərqdəki qeyri-stabil vəziyyət, OPEK üzvü olan Rusiyaya qarşı tətbiq edilən sanksiyalar, Venesuelada neft hasilatının kifayət qədər aşağı düşməsi daxildir. Əslində bu, real qiymət deyil. Dünən neftin qiyməti 79.33 dollara qədər qalxdı. Sonradan 78.83 dollara düşdü. Ancaq bu istənilən halda böyük qiymətdir. Reallıqda neftin qiyməti 70 dollardan yuxarı olmamalıdır".

Xatırladaq ki, bu gün dünya birjalarında "Brent" markalı neftin qiyməti ucuzlaşıb (1 barelin dəyəri 0,3 dollar və ya 0,38% azalaraq 78,67 dollar olub).Nyu-Yorkun "NYMEX" əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI" neftinin 1 barelə görə qiyməti də 0,27 dollar və ya 0,37% ucuzlaşaraq 71,12 dollar olub.