Qarabağ Azərbaycandır!

Şirkətlər pullarını niyə gizlədir?

28.09.2018 İqtisadiyyat
""Müflisləşmə və iflas haqqında" qanunun yenidən işlənməsinə, icra mexanizminin olmasına ehtiyac var".

Bu fikirləri "Kommersant.az"a açıqlamasında Nazirlər Kabinetinin təsdiqlədiyi "Borclunun sağlamlaşdırılması planının məzmunu" haqqında qərarı şərh edərkən hüquqşünas Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, qərarda söhbət sırf hüquqi şəxslərdən gedir:

"Azərbaycanda hüquqi şəxslərin 99%-nin öz adına real əmlakı yoxdur. Onların yerləşdikləri məkanların əksəriyyəti icarəyə götürülür, maksimum halda mebelləri olur. Belə halda onların nəyini sağlamlaşdıracaqlar? Xarici ölkələrdə isə hüquqi şəxslərin kifayət qədər aktivləri olur. Rusiya, ABŞ və əksər Avropa ölkələrində müflis olan hüquqi, yaxud fiziki şəxsin üzərinə özünü müflis elan etməsi üçün öhdəlik qoyulur. Hüquqi şəxslərin kreditorları onu müflis elan etməkdə maraqlı olur. Hüquqi şəxs istehsalla məşğuldursa, şirkət müflis elan edilmir. Çünki kreditorlar az qazana bilər. Çıxış yolu isə hüquqi şəxsi sağlamlaşdırmaqla tapılır (yeni rəhbərin təyini, əlavə pul yatırımı və s.)".

Ekspert qeyd edib ki, Azərbaycanda müflislik institutu işləmir:

"Müflisləşmə və iflas haqqında" qanuna əsasən, fiziki şəxs özünü müflis elan edə bilər. Ancaq məhkəmələr fiziki şəxsin özünü müflis elan etmək hüququnu tanımır. 1997-ci ilin qanunudur, köhnəlib. Azərbaycanda hüquqi şəxslər özünü müflis elan etmək istəsələr də, alınmır. Çox vaxt apardığından məhkəmələr işdə maraqlı deyil. Məhkəmə yalnız o halda şirkətin müraciətindən imtina edə bilər ki, sübut etməlidir ki, şirkətin nəyisə var. Qərarın işləyəcəyinə inanmıram. Məsələn, bir şirkətin bir neçə nəfərə borcu var. Həmin şəxslər onu məhkəməyə verir, məhkəmə deyir, onun pulu yoxdur, müflis elan edək. Kreditorlar isə hüquqi şəxsi sağlamlaşdırmaqla bağlı aralarında razılığa gəlirlər. Əgər şirkətin bir neçə nəfərə ümumilikdə 100 manat borcu olarsa, lakin cəmi əmlakı 10 manat məbləğindədirsə, kreditorların hər biri həmin pulu götürməyə çalışacaq".