USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"65 arı ailəsindən 500-800 kiloqram bal götürürəm"

10.10.2018 İqtisadiyyat
0 0
"Hər arı ailəsinə görə 10 manat subsidiya ayrılıb."

"Kommersant.az" xəbər verir ki, bu sözləri Bakıda keçirilən 19-cu Arıçılıq məhsullarının sərgi-satış yarmarkasının iştirakçısı, "Uğur" kəndli fermer təsərrüfatının rəhbəri, 21 ilin arıçısı Uğur İbrahimov deyib. Onun sözlərinə görə, arıçıların da izafi xərcləri olur:

"1997-ci ildən arıçılıqla məşğul oluram. Astarada biz dədə- babadan qalma "qara arı" cinsini yetişdiririk. Bu, əslində boz Qafqaz arısı cinsidir. Qafqaz arısı bizin cənub rayonunun iqlim şəraitinə uyğunlaşmış ən məhsuldar cinsdir".

21 ilin arıçısı olan Uğur İbrahimov 65 arı ailəsi var:

"Hər mövsüm 65 arı ailəsindən 500-800 kiloqram bal götürürəm. Balı əsasən iyul və avqust aylarında süzürəm. Balımın tərkibində cökə, cır xurma, qızılgöz və subtropik bitkilərin nektarı daha üstünlük təşkil edir. Sərgiyə gələn arıçılar müxtəlif tərkibli bal gətiriblər. Saf balın həmişə müştərisi olub. Bundan əlavə yarmarkaya çiçək tozu, propolis də gətirmişəm. Çiçək tozu insanın immunitetini gücləndirir və mədə-bağırsağın ən gözəl dərmanıdır. Bu çiçək tozundan daha çox idmançılar istifadə edirlər. Onlar üçün əlverişlidir, çünki bu çiçəklər insan enerjisini artırmağa müsbət təsir göstərir. Propolis mədədə olan yaranı sağaldır və bağırsaqdan şlakları təmizləyir. Əlbəttə, onların xüsusi hazırlanma qaydası var. Arıları da bəsləmək lazımdır. Mövsümdə, may ayında biz onları Lerik dağlarının yaylaqlarına çıxarırıq və ölkəmizin təbii bitki örtüyü biz arıçılara saf bal almaq üçün geniş imkanlar yaradır. Bir sözlə, əgər bala haram qatılmasa, arı təbiətdən daim saf bal gətirər".

U.İbrahimov deyir ki, subsidiya, xərclərin bir hissəsinin aradan qaldırılmasına kömək edir:

"Artıq hər arı ailəsinə görə 10 manat subsidiya ayrılıb. Biz arıçıların da izafi xərcləri olur. Məsələn, çərçivələr və arı yeşikləri sifariş veririk, müxtəlif dərmanlar alırıq. Bundan əlavə nəqliyyat xərcləri çəkirik. Subsidiya bizim xərclərin bir hissəsini aradan qaldırmaq üçün çox yerində verilmiş bir dəstəkdir".