Bələdiyyə seçkiləri lirəyə can verəcəkmi? - EKSPERT ŞƏRHİ

16.10.2018 İqtisadiyyat
0 0
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Türkiyədə həbsdə olan ABŞ-lı keşiş məhkəmə zalından azadlığa buraxılıb.

"Kommersant.az" xəbər verir ki, Türkiyə-ABŞ arasındakı böhrana səbəb olan keşiş 2016-cı ildən həbsdə idi.

Brunsonun azadlığa çıxması Türkiyə milli valyutasının taleyinə hansı təsir göstərə bilər?

İqtisadçı ekspert Cəfər İbrahimli məsələ ilə bağlı redaksiyamıza açıqlamasında bildirib ki, Türkiyədə siyasi riski bələdiyyə seçkiləri əvəz edəcək:

"Brunson işindən sonra, siyasi risk nisbətən sakitləşdiyindən, lirə son bir neçə gündür ki, dəyər qazanmağa başlayıb. İstanbul birjasında, qiymətli kağızlar bazarında nisbi stabillik hökm sürür. Lakin siyasi riskin bir hissəsi ortadan qalxsa belə, təkrar iqtisadi göstəricilərin yaxşılaşması üçün kifayət qədər vaxt tələb olunacaq. Yaxın müddətdə valyutanın ciddi dəyər qazanması gözlənilmir. 2019-cu ilin martında Türkiyədə bələdiyyə seçkiləri keçirilməsi nəzərdə tutulur. Siyasi proseslərə fokuslanma çox olduğundan, iqtisadi məsələlər nisbətən arxa planda qalır".

İqtisadçı qeyd edib ki, son 2-3 ildə Türkiyədə işsizlik səviyyəsi yüksək səviyyədədir:

"İstehlak inflyasiyası 26%-dir. İstehsalçıların inflyasiya indeksi isə 49% təşkil edir. İnflyasiya səviyyəsi yüksəkdir. İqtisadiyyatı maliyyələşdirmək üçün kredit faizləri çox yüksəkdir. Bu, şirkətlərin çəkə biləcəyi yük deyil. Hazırda ölkədə işsizlik səviyyəsi 11% civarındadır. Son 10 ildə Türkiyədə işsizlik səviyyəsi 9%-dən aşağı düşməyib. Türkiyədə gənclərin işsizlik səviyyəsi isə 17% təşkil edir".