USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Qəbələ bal evi" yaradacam - Pedaqoji Universitetin məzunu

17.10.2018 İqtisadiyyat
0 0
"Atam, babam arıçılıqla məşğul olub. Gəncə Pedaqoji Universitetini bitirmişəm. Arıçılıq məni özünə aludə etdi. Bu gün mən də ailəmizin arıçılıq ənənələrini davam etdirirəm. Hazırda170 arı ailəsinə qulluq edirəm, hər arı pətəyindən orta hesabla10-12 kiloqram bal süzürəm".

"Kommersant.az" xəbər verir ki, bu fikirlər 19-cu Arıçılıq məhsullarının sərgi-satış yarmarkasının iştirakçısı, Qəbələ rayonunun Kötüklü kənd sakini Səbuhi Nəbiyevə məxsusdur. Onun sözlərinə görə, ailələrinin arıçılıqla məşğul olmasının az qala əsr yarımdan çox tarixi var:

"Babam vaxtilə ancaq kötüklərdə 200 arı ailəsi saxlayıb. Demək olar ki, bizim nəslin arıçılıqla məşğul olmasının 150 illik tarixi var. Təsərrüfatımızda həm boz Qafqaz , həm də "Karnika" arı cinslərini bəsləyirik. Qəbələ ölkəmizin turizm mərkəzi olduğu üçün "Qəbələ bal evi"ni yaratmağı qarşıma məqsəd qoymuşam. Kəndimiz rayon mərkəzindən 25 kilometr uzaqlıqda yerləşdiyinə görə, belə bir bal evinin yaradılması bal məhsullarımızı xarici turistlərə təqdim etmək üçün geniş imkanlar yaradır. Məqsədimiz xarici qonaqlara saf, təmiz Qəbələ balı təqdim etməkdir. Düşünürük ki, adımızı brendləşdirək və müasir qablaşdırmanı tətbiq edək".

Səbuhi Nəbiyev səyyar arıçılıqla məşğuldur: "Yay mövsümündə Qəbələnin cənub hissəsinə, Ağdaş rayonunun Savalan kəndinə, havalar istiləşəndə isə Şah dağı ətrafına köç edirik. Qəbələ balının tərkibi qanqal, qaratikan, cökə, yemişan, böyürtkən, şabalıd, akasiya və baldırğan nektarından ibarətdir".

Yarmarka iştirakçısı bu ildən başlayaraq arıçılığa subsidiya ayrılmasını alqışlayır: "Arıçılara subsidiyaların verilməsi müsbət addımdır. Bu subsidiyalar bizə 50 əlavə pətək almağa, arı ailələrinin sayını artırmağa imkan verəcək".

Səbuhi Nəbiyev Türkiyədə keçiriləcək bal festivalına dəvət alıb:

"Oktyabrın ikinci yarısında Türkiyənin Fəthiyə bölgəsində keçirilən "Çam balı" festivalına dəvət almışam. Biz belə festivallarda arıçılıq sahəsındəki yeniliklər və tenologiyalarla tanış oluruq. Türkiyəli həmkarlarımız şabalıd balına çox maraq göstərirlər. Festivala nümunə üçün məhz şabalıd balını aparmaq, orada nümayiş etdirmək istəyirəm".

Arıçılıq həm də ənənədir: "Kəndimizdə balla bağlı qədim Azərbaycan ənənəsi var. Babam Çərkəz kişi balı süzəndə qonum-qonşunu, qohum-əqrəbanı başına toplayıb nənəmə xəşil və ya yarma bişirdərdi. Qonaqlar doyunca ballı xəşil və ya ballı yayma yeyərdilər. Sonra da hər bir qonaq öz bal payını götürüb gedərdi. Bu ənənəni qorumaq, yaşatmaq istəyirəm".