USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ermənistandan gətirilən kartofla bağlı 3 qurum açıqlama verdi

23.10.2018 İqtisadiyyat
0 0
Bakıda kənd təsərrüfatı məhsullarının topdansatışını həyata keçirən bazarlarda ermənilərin becərdiyi kartofların kütləvi satışının həyata keçirilməsi haqqında məlumat vermişdik.

"Kommersant.az"ın verdiyi xəbərə görə, Gürcüstanın ermənilər yaşayan Axalkalaki bölgəsindən Azərbaycana hər gün yüz tonlarla kartof idxal olunur. Daha dəqiq desək, ölkəyə hər gün Gürcüstan ermənilərindən satın alınan təxminən 250 ton kartof gətirilir. Bunun da böyük hissəsi Azərbaycanda kartof idxalı ilə məşğul olan 4-5 işbazın payına düşür. Belə çıxır ki, öz əlimizlə erməni diasporunun varlanmasına, güclənməsinə dəstək oluruq. 4-5 işbazın "alveri" yaxşı gedəcək deyə, ölkədən milyonlarla manat vəsaiti erməni diasporunun cibinə axıdırıq.

Digər tərəfdən, ölkənin qida təhlükəsizliyi də təhlükə altına düşür. Bu kartoflar vasitəsi ilə Azərbaycana hansısa təhlükəli xəstəliklərin, virusların ötürülməyəcəyinə kim təminat verə bilər?"Qırmızı körpü"də kartof daşıyan yük avtomobillərini yoxlamaq üçün qapının ağzındakı kisələrdən ara-sıra bir-iki nümunə götürüb yoxlamaqla kifayətlənən Qida Təhlükəsizliyi Agentliyimi?

Məsələyə aydınlıq gətirmək üçün Qida Təhlükəsizliyi Agentliyi (QTA) ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, yayılan informasiya ilə bağlı bir neçə xəbər portalından daxil olan sorğular müvafiq şöbəyə yönəldilib və cavab gözlənilir.

Dövlət Gömrük Komitəsindən (DGK) isə redaksiyamıza verilən açıqlamada bildirildi ki, ölkə ərazisinə gətirilən bütün mal və nəqliyyat vasitələrinin, o cümlədən kartofun qanunvericilikdə nəzərdə tutulan müvafiq sənədləri yoxlanıldıqdan sonra idxalına icazə verilir:

"Bir sıra kütləvi informasiya vasitələrində Gürcüstandan Azərbaycana idxal edilən kartofun insan sağlamlığı üçün təhlükə törədə biləcəyi və idxal edilən məhsulun içində Ermənistan mənşəli kartofun olduğuna dair iddialar irəli sürülüb və bu iddialarda gömrük orqanlarına qarşı ittihamlar yer alıb. Bitki və bitkiçilik məhsullarının, o cümlədən kartofun, göndərən (ixracatçı) ölkənin səlahiyyətli qurumu tərəfindən verilən malın mənşə və fitosanitar sertifikatları gömrük orqanlarını tərəfindən yoxlanıldıqdan sonra idxalına icazə verilir ki, bu da Ermənistan mənşəli məhsulun gömrük-sərhəd buraxılış məntəqələrindən keçirilməsini istisna edir. Ümumiyyətlə, Ermənistan mənşəli hər hansı məhsulun Azərbaycana idxalı qadağandır və gömrük orqanları bu istiqamətdə ciddi nəzarət tədbirləri həyata keçirir".

Kənd Təsərrüfatı Nazirliyindən "Kommersant.az"a verilən açıqlamada isə qeyd etdilər ki, məsələnin Nazirliyə heç bir aidiyyatı yoxdur:

"Kənd Təsərrüfatı Nazirliyi ixrac-idxal əməliyyatları həyata keçirmir. Xaricdən kartofu sahibkar gətirir və gətirilən məhsullar da labarator analizdən keçdikdən sonra ölkəyə buraxılır. İddia olunur ki, Ermənistandan kartof gətirilir. Bunun həqiqətən də sırf milli təhlükəsizlik məsələsi olduğunu düşünürəm. Əgər belə fakt varsa, müvafiq qurumlar məsələni araşdırmalıdırlar.

Cari ilin iyul ayının 1-dən etibarən Sərhəddə və daxildə bütün qidaların lobaratoriya analizləri QTA tərəfindən aparılır".