USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda sudan kütləvi zəhərlənmə təhlükəsi var?

24.10.2018 İqtisadiyyat
0 0
"Azərsu" ASC: Daxili İşlər Nazirliyinin xüsusi həyati əhəmiyyətli obyektlərdə mühafizə idarəsi var

"Kommersant.az" xəbər verir ki, ötən həftə İraqın Bəsrə şəhərində içməli sudan 111 min insan zəhərlənib. Hətta zərərçəkənlər arasında Avropa İttifaqının İraqdakı səfiri Ramon Blekua da var idi.

Bu vəziyyət Azərbaycan cəmiyyətində də narahatlığa səbəb oldu. Belə ki, insanlar əhalini su ilə təchiz edən içməli su anbarlarının necə qorunması barədə müzakirələr açmağa başlayıblar.

Maraqlıdır, vətəndaşlarımızın narahatlığına əsas varmı? Müasir dövrdə — bir həb ilə minlərlə insanın zəhərləməsi mümkün olduğu bir zamanda, Azərbaycanda belə risk yaşanırmı?

Sputnik Azərbaycan-ın mövzu ətrafında suallarını cavablandıran "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, Bakı və Abşeron yarımadasının əhalisi bir neçə su kanalı vasitəsilə su ilə təchiz edilir. Bütün su kanalları və anbarları ciddi rejimdə qorunur.

"Şollar kəmərinin bütün mənbələri və eyni zamanda yolüstü dunkerlərin hər biri silahlı polislər vasitəsi ilə qorunur. Daxili İşlər Nazirliyinin xüsusi həyati əhəmiyyətli obyektlərdə mühafizə idarəsi var. Onlar məhz mühafizə işlərini həyata keçirirlər. Onlar içməli su kanallarında insan müdaxiləsi ola biləcək hissələri qoruyurlar" — Cəbrayıllı diqqətə çatdırıb.

"Eyni zamanda, Tağıyev qəsəbəsində də qoruma var. İkinci mənbə Ceyranbatan gölüdür. Bura da ikiqat mühafizə olunur. Belə ki, buranı qoruq olduğu üçün Fövqəladə Hallar Nazirliyi mühafizə edir. Ərazi kamera ilə təchiz olunub. Heç "Azərsu"nun da işçiləri həmin əraziyə daxil ola bilməzlər" – dəyə o, əlavə edib.

"Azərsu" sözçüsü əlavə edib ki, Ceyranbatan suyunu təmizləyən Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində də nəzarət güclüdür: "Burada da hər tərəf kamera ilə təchiz olunub və polis tərəfindən qorunur. Kür mənbəyindən alınan suya nəzarət də güclüdür. Burada kanallar qapalıdır. Oğuz–Qəbələ xəttində də nəzarətin güclü olduğunu deməliyəm. Eyni zamanda, Bakı şəhərində olan bütün anbarlarımız qorunur. Bunlar da polis postu ilə tam nəzarətdədir".

Qurum sözçüsü onu da bildirib ki, su anbarları, nəinki insan, hətta sel, daşqın və bu kimi təbiət hadisələrindən də qorunur: "Bunu ona görə edirik ki, çirkli su həmin anbarlara tökülməsin və anbarlar dağılmasın. Məqsədimiz də əhalini təmiz və keyfiyyətli su ilə təchiz etməkdir".

Ekoloq Adil Zeynalov isə Sputnik Azərbaycan-a deyib ki, Ceyranbatan su anbarı FHN tərəfindən qorunur, ancaq bu qoruma yetərli deyil: "Su hövzələrimizi, nəinki adiyyatı qurumlar, həmçinin bütün vətəndaşlar da qorumalıdır".

"Su həyatdır və biz həyatımızı təmin edən anbarlara istər fiziki, istərsə də hüquq şəxs kimi çirkli sular axıtmamalıyıq. Çünki su insan sağlamlığına təsir edən əsas faktordur" — ekspert bildirib.

"Bizə belə müraciətlər olanda, araşdırırıq və lazımı tədbirlər həyata keçiririk. Sular tez-tez laboratoriyalarda testlərdən keçirilməlidir. Hər hansı bir problem aşkarlananda, vaxtında problem aradan qaldırılmalıdır" – deyə A.Zeynalov vurğulayıb.