“Microsoft” korporasitası vaxtın səmərəli idarə ediləməsinə yönləndirilmiş pulsuz “Windows 10 April 2018 Update” yeniləmələrini anons edir. Yeni alətlər kompüterdə məlumatın axtarışını sadələşdirir, diqqəti əsas şeyə cəmləşdirir və “ağıllı ev”i səsli idarə etməyə kömək edir.
"Kommersant.Az" xəbər verir ki, "Windows 10" üçün yeniləmələri yüklədikdə istifadəçilər lazımi faylların sürətli axtarışı üçün "Timeline" funksiyasını, iş fəaliyyətindən yayındıran bildirişlərin dayandırılması üçün "Focus Asist" alətini, həmçinin qeydlər üçün "Dictation" opsiyasını tətbiq edə bilərlər. Yeniləmələr "Microsoft Edge" brauzeri və "Cortana" səs köməkçisinə aiddir.
"Windows 10-un ilk buraxılışından indiyədək biz, hər bir istifadəçinin yaradıcılıq potensialını üzə çıxarmasına imkan yaradan yeniləmələr buraxmışıq. "Windows 10 April 2018 Update"in genişmiqyaslı yeniləməsi istifadəçilərə ən əsas dəyərlərdən biri olan zamanı qaytarmaq üçün yaradılıb. İstəyirik ki, onların yaradıcılıq, iş və əyləncə kimi vacib məsələlərə daha çox zamanları olsun", - deyə "Windows" və "Devices Group" bölmələrinin korporativ vitse-prezidenti Yusuf Mehdi bildirib.
"Timeline" yeniləməsi - lazımi faylları son dəfə açıldığı vaxtdan asılı olmayaraq asanlıqla tapmağa kömək edir. "Timeline" funksiyasından istifadə edərək istifadəçi tərəfindən "iOS" və ya "Android" əməliyyat sistemli mobil cihazlarda "Microsoft Edge" və ya "Office 365"də həyata keçirilən fəaliyyəti fərdi kompüterdə bərpa etmək mümkündür.
"Focus Assist" aləti poçt və sosial şəbəkə bildirişlərini dayandırır, bununla da, iş fəaliyyətinə cəmləşdirməyə imkan yaradır. Ehtiyac yarandığı halda sözügedən funksiyanın gün ərzində müəyyən saatda avtomatik işə düşməsini proqramlaşdırmaq olar. İşi yekunlaşdırandan sonra istifadəçi buraxdığı bütün bildirişləri, elektron məkubları və yeniləmələri alır. "Focus Assist"də lazımi ünvandan gələcək məktub və ya zəngləri almaq üçün isitisnalar siyahısı tərtib etmək mümkündür.
"Dictation" funksiyası səsdən istifadə edərək qeydlər aparmaq və sənədlər tərtib etmək imkanı verir. Bunun üçün "Windows 10" proqram və ya əlavəsində kursoru mətn yerinə gətirib, "Win+H" kombinasiyasını basıb, danışmağa başlamaq gərəkdir.
"Microsoft Edge"də yeniləmələrin buraxılışı ilə içliklərdə səsi azaldıb-çoxaltmaq, həmçinin fikiri yayındırmamaq üçün kitabları, PDF-faylları və "Reading View" səhifələrini tam ekran rejiminə keçirmək olar. Avtomatik doldurma funksiyası internet-mağazalarında sifarişi rəsmiləşdirmək üçün elektron ünvanı, ödəniş və digər məlumatları yadda saxlamağa imkan verir. Eyni zamanda, çap üçün veb-səhifələrdən artıq mətni silən funksiya da istifadəyə verilib. Mütaliə zamanı çətinlik çəkən istifadəçilər üçün "Grammar Tools" düyməsi yaradılıb ki, o, sözləri hecalara bölür və müxtəlif nitq hissələrini qeyd edir: isim, fel və sifət.
Yenilənmiş səs köməkçisi olan "Cortana" vasitəsilə istifadəçi "ağıllı ev" sistemini birbaşa kompüterdən idarə edə bilir. Belə ki, evdən kənarda olarkən isitmə sistemini qoşmaq üçün "Cortana"ya müvafiq komandanı vermək kifayətdir. Bu funksiya "Ecobee", "Honeywell", "Nest Learning" və digər termostatlarla işləyir.
"April 2018 Update" yenilənməsinə korporativ istifadəçilər üçün informasiya texnologiyalarının sadələşdirilmiş idarəetmə funksiyası, fotoşəkillərlə işləmək üçün yeni imkanlar, 3D və "Windows Mixed Reality", həmçinin onlayn rejimdə təhlükəsizliyin təmin edilməsi üçün yeni üsullar və geyminq üçün təkmilləşdirilmiş funksiyalar daxildir.