OPEC və müttəfiqləri: Bazarlardakı artıq nefti silmişik

28.05.2018 Energetika
Neft İxrac edən Ölkələr Birliyi (OPEC) və Rusiyanın da daxil olduğu digər müttəfiqlər, neft bazarının Aprel ayında yenidən tarazlaşdığı (tələb və təklif bərabərləşib) nəticəsinə gəliblər.

"Kommersat.Az" xəbər verir ki, məsələyə dair məlumat sahibi mənbələrdən verilən məlumata görə, üç il ərzində qiymətlər üzərində təzyiq yaradan neft təklifi artıqlığı Aprel ayında tamamilə ortadan qalxıb.

OPEC və müttəfiqləri neft təklifi artıqlığını azaltmaq üçün hasilatlarını azaldıblar. Nəticədə, inkişaf etmiş ölkələrin anbarlarındakı neft ehtiyatları xeyli "əriyib" və 5 illik orta göstəricidən aşağı düşüb.

OPEC və tərəfdaşlarının gələn ay Vyanada baş tutacaq toplantıda bazarın yenidən tarazlaşdığını müzakirə edəcəklər. Ötən həftə Səudiyyə Ərəbistanı və Rusiyanın energetika nazirlərinin verdiyi açıqlamalara görə, istehsalçılar, neft hasilatını ilin ikinci yarısında artıra bilərlər.