"Xüsusi sənaye zonasının yaradılması ilə bağlı danışıqlar aparılır"

29.05.2018 Energetika
"SOCAR-ın Türkiyədə yeni neft-kimya kompleksinin layihəsinin ilkin olaraq inşası 1,6-2,2 milyard dollar məbləğində qiymətləndirilir".

"Kommersant.Az" xəbər verir ki, bunu "SOCAR Türkiye Enerji"nin baş direktoru Zaur Qəhrəmanov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, layihənin maliyyələşməsi ya "Petkim"dən gələn gəlirlərdən, ya "SOCAR Turkey Enerji" şirkətinin daxili resursları hesabına, ya da xarici vəsaitlər hesabına həyata keçirilə bilər.

Onun sözlərinə görə, bu layihəyə böyük neft-kimya şirkətləri maraq göstərir və hazırda bununla bağlı danışıqlar aparılır: "Türkiyə maraqlı bazardır. Böyük şirkətlər yeni layihədə tərəfdaş olmaq üçün müraciət edir və danışıqlar aparılır. Amma digər şirkətlər də olmasa, bu layihəni həyata keçirəcəyik. İnvestisiya qərarımız tərəfdaşların qatılıb- qatılmamasından asılı deyil. Layihəyə tərəfdaş qoşulsa, həm maliyyə riskləri bölüşdürülər, həm də həcmi artırıla bilər. İstənilən halda bu layihəni həyata keçirməkdə qərarlıyıq".

Baş direktor əlavə edib ki, kompleksin tikinti işlərinin 2019-cu ilin ortalarında başlanılması, 2022-ci ilin sonuna tikintinin yekunlaşması, 2023-cü ilin əvvəlində isə istismara verilməsi planlaşdırılır.

Onun sözlərinə görə, hazırda "Petkim" neft-kimya kompleksi Türkiyənin neft-kimya məhsullarına olan tələbatını 17%-ni ödəyir. "Fiziki olaraq bundan artıq istehsal mümkün deyil. Ona görə də 1 il öncə həcmlərin artırılması üçün bu layihəni təqdim etdik. Ötən il Türkiyənin ticarət balansında neft-kimya məhsulları ilə bağlı 11,5 milyard dollar cari kəsir qeydə alınıb. Biz yeni neft-kimya kompleksi layihəsi ilə bu kəsirin 40%-ni örtəcəyik. Buna görə də Türkiyə dövləti bizə böyük dəstək göstərir", - Z.Qəhrəmanov qeyd edib.

Z.Qəhrəmanov bildirib ki, hazırda Əliağa yarımadasında xüsusi sənaye zonasının yaradılması ilə bağlı danışıqlar aparılır. Şirkətin baş direktoru bu zonanın "Petkim", STAR və yeni neft-kimya kompleksi layihəsini əhatə edəcəyini bildirib.